İcbari sığorta hələ də "yerində sayır"

28 Avqust 2012 08:06 (UTC+04:00)

Artıq xeyli müddətdir ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası qüvvəyə minib. Bu isə o deməkdir ki, əhali öz mənzil və evlərini icbari şəkildə sığortalamalıdırlar. Lakin görünən mənzərə ondan xəbər verir ki, daşınmaz əmlakın sığortalanması prosesi ölkə üzrə çox ləng gedir. Şəhərlərdə bu prosesdə bir qədər canlanma nəzərə çarpsa da, bölgələrdə, rayon yerlərində daşınmaz əmlakın sığortalanması olduqca cüzidir. Halbuki, son illər bir sıra rayonlarda baş verən təbii fəlakətlər, zəlzələ, daşqınlar əhalini mənzillərinin sığortalanmasına getməyə sövq etməli idi. Bildiyimiz kimi, cari il ərzində ölkənin şimal rayonlarında baş verən zəlzələ nəticəsində minlərlə ev dağılmışdı.

Bundan başqa keçən il Kür çayı hövzəsindəki rayonlar daşqına məruz qalmışdılar. Nəticədə də xeyli sayda ölkə əhalisi yaşayış yerlərindən məhrum oldu. Adətən bazar iqtisadiyyatının mövcud olduğu ölkələrdə əhali mənzillərin sığortalanması prosesinə həvəslə gedir. Çünki bu halda əmindir ki, sığortalanmaqla hər hansı bir təbii fəlakət nəticəsində mənzilinə dəyən ziyan sığorta şirkəti tərəfindən ödəniləcək. Yəni vətəndaş mənzilini sığortalamaqla özünün gələcəkdə hansısa bir fəlakət nəticəsində evsiz qalmamasına təminat yaradır. Azərbaycanda isə nədənsə əhalinin sığorta prosesinə marağı hələ ki, geniş deyil. Sakinlər, xüsusən də bölgə əhalisi mənzillərin sığortalanmasına o qədər də həvəs göstərmirlər. Halbuki, daşınmaz əmlakın icbari sığortası artıq qüvvədədir. Görəsən, nədən rayon yerlərində daşınmaz əmlakın sığortalanması prosesi zəifdir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bu qənaətdədir ki, rayonlarda əhalinin daşınmaz əmlakın sığortalanması prosesinə maraq göstərməməsinin başlıca səbəbi onların üzərinə düşən əlavə xərclərlə bağlıdır: "Daşınmaz əmlakın sığortalanması ilə bağlı real mənzərəni qiymətləndirən zaman öncə bir məqama diqqət yetirilməlidir ki, daşınmaz əmlakın sığortasının tətbiqi kifayət qədər qısa zamanda həyata keçirilir. Ötən ilin sonunda bununla bağlı qanun verildi və qısa zaman sonra prosesin tətbiqi həyata keçirildi. Digər tərəfdən əhalinin prosesə hazır olması üçün müəyyən müddət də tələb olunur. Eyni zamanda daşınmaz əmlakın sığortası ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac var. Amma təəssüf ki, bu edilmədi. Ona görə də prosesin tətbiqində müəyyən problemlər yarandı. Sözügedən məsələdə digər məqam isə odur ki, daşınmaz əmlakın sığortalanması müəyyən xərc tələb edir. Heç də bütün insanlar daşınmaz əmlakın sığortalanması xərcini öz üzərinə götürmək iqtidarında deyil. Ona görə də nəinki rayonlarda, hətta Bakının özündə daşınmaz əmlakın sığortalanması prosesində ləngimələr olur. Yəni prosesin geniş vüsət almaması birmənalı şəkildə əhali üçün yeni əlavə xərclərin yaranması təhlükəsilə bağlıdır. Hansı ki, onlar həmin əlavə xərcləri qarşılamaq imkanına malik deyillər. Əhalinin sığorta prosesinə əlçatanlığının olmaması isə son nəticədə onların sığortaya marağının azalmasına gətirib çıxarır. Əvvəlcədən də proqnozlaşdırılırdı ki, əhalinin daşınmaz əmlakın sığortalanmasına marağı yüksək olmayacaq". Mərkəz rəhbərinin sözlərinə görə, daşınmaz əmlakın sığortalanması tarifləri əslində simvolik rəqəm olmalıdır: "Bu isə tariflərin azaldılmasına ehtiyacın olduğunu deməyə sas verir. Baxmayaraq ki, ünvanlı sosial yardım alan təbəqə daşınmaz əmlakın məcburi sığortalanmasından azaddır. Dövlət həmin insanların əmlakını sığortalayır. Amma bu kateqoriyanın genişləndirilməsinə, daşınmaz əmlakın sığortalanmasında güzəştlərin tətbiqinə ehtiyac var. Tətbiq olunan hazırkı tariflər aşağı salınsa əhalinin də daşınmaz əmlakın sığortalanmasına marağı artar".

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin eksperti Rövşən Talıbzadənin fikrincə isə vəziyyətin belə olmasının başlıca səbəbi sığortalanma sahəsində maarifləndirmə işlərinin zəif olması ilə bağlıdır: "Daşınmaz əmlakın sığortalanması prosesi Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarət Xidmətinin işidir. Əhalinin maarifləndirilməsi, daşınmaz əmlakın sığortalanmasına onları cəlb etmək kimi işlər birbaşa olaraq həmin xidmətin nəzarətindədir. Bu yaxınlarda daşınmaz əmlakla bağlı icbari sığorta haqqları da müəyyənləşdi. Bakı şəhərində yerləşən daşınmaz əmlak 25 min manata qədərdir. Gəncə, Sumqayıt, Naxçıvan kimi şəhərlərdə isə həmin əmlak 20 min manata qədərdir. Digər yaşayış yerlərində bu rəqəm 15 min manata qədərdir. Amma bunun əvəzində vətəndaşın ödəməli olduğu sığorta məbləği Bakı şəhərində 50, Gəncə, Sumqayıt, Naxçıvanda 40, digər yerlərdə isə 30 manat dəyərində müəyyənləşib. Əhali həqiqətən də daşınmaz əmlakın sığortalanması prosesinə laqeyd yanaşır. Bu hal şəhərlərdə də özünü göstərir, amma əsasən də rayon yerlərində daha kəskindir. Düşünürəm ki, əhalinin prosesə meylini gücləndirmək üçün güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac vardır. İstər televiziyalar, müxtəlif reklam çarxları, istərsə də əhaliylə yerlərdə bu istiqamətdə tədbirlərin keçirilməsilə onları prosesə meylləndirmək olar. Hazırda elektron KİV-lərdə belə icbari sığorta məsələlərilə bağlı reklam çarxlarına nadir hallarda rast gəlinir. Son zamanlar isə belə hallar, demək olar ki, ümumiyyətlə yoxdur. İcbari sığorta məsələsi geniş şəkildə təbliğ olunmalıdır ki, əhali də onun üstünlüklərinin nədən ibarət olduğunu anlayıb, prosesə həvəslə cəlb olunsunlar. Nəzərə alsaq ki, bizim əhali sovet rejimindən keçib, bu halda sözsüz ki, onların icbari sığorta məsələlərinə meyli elə də güclü olmayacaq. Məhz maarifləndirmə işləri aparılmalıdır ki, əhali arasında sığorta prosesinə maraq yaransın. Sakinlərə icbari sığortanın faydaları çatdırılmalıdır". Ekspert onu da bildirdi ki, indilikdə əhali sığortaya etibar etmir: "Bir sıra hallarda vətəndaş sığorta haqqını ödədikdən sonra sığorta şirkətindən heç kim gəlib onun evinə baxış keçirmir. Əvvəlcədən baxış keçirilmədikdə isə sonradan ev qəzalı vəziyyətə düşəndə onun sığortalanması problemə çevrilir. Vətəndaş haqqını əldə etmək üçün uzun sürən proseslərdən, məhkəmələrdən keçməli olur. Nəticədə vətəndaş sığorta prosesindən usanır və ona etibarını da itirir. Amma vətəndaş sığortadan real olaraq fayda görsə, dərhal prosesə qoşular, insanlar kütləvi şəkildə sığortaya meyl edər. Ən gözəl təbliğat vasitəsi vətəndaşın lazımi anda, heç bir maneəyə rast gəlmədən sığortasını almasıdır".