Qədim dövrün ən böyük sərkərdələrindən biri Qay Yuli Sezarın (eramızdan əvvəl 100-44-cü il) səhhəti artıq çoxdan tarixçi və həkimlərin qızğın mübahisəsinə səbəb olub. Bir qayda olaraq, bunu Menyer xəstəliyi və epilepsiya ilə əlaqələndirirlər. Amma London İmperiya Kollecindən olan ekspertlərin yeni araşdırmasına görə, Yuli Sezar heç vaxt epilepsiya tutmalarından əziyyət çəkməyib.
Tədqiqatçılar hesab edirlər ki, onun əzablarının səbəbi keçici işemik hücum və ya mikroinsultlar olub.
Tədqiqatçılar imperatorda epilepsiya xəstəliyinin olmaması barədə nəticəyə onun sağlamlığı haqda mövcud sübutlar əsasında gəliblər. Bioqraflar qeyd edirlər ki, o, həyatının sonunda depressiya, gecə qarabasmaları və ürəkkeçmələrdən əziyyət çəkməyə başlayıb. Alimlərin fikrincə, xəstənin beyninə təsir edən keçici işemik hücum məhz bu cür nəticələrə gətirib çıxarır. Eyni zamanda sərkərdədə xəstəliyin əlamətləri artıq mikroinsult riski artan vaxt- yaşlı dövrdə aşkar edilib. Epilepsiya xəstəliyinin əlamətləri isə özünü uşaqlıq dövründən büruzə verir.
Bundan başqa, tarixi salnamələrə əsasən, Sezara daha çox ürəkkeçmələr yox, gecə qarabasmaları əziyyət verib.
Araşdırmaçıların fikrincə, xəstəlik böyük sərkərdəyə irsən keçib: onun atası və ulu babası da mikroinsultlardan əziyyət çəkib və elə bu xəstəlikdən də vəfat ediblər.
Alimlər hesab edirlər ki, epilepsiyanı imperatorun adına ona görə yazıblar ki, bu xəstəliyi müqəddəs hədiyyə hesab ediblər, onun təzahür etməsini isə ilahi müdaxilə kimi izah ediblər.
Bu gün Yuli Sezarın xəstəliyi ilə bağlı çoxlu versiyalar vardır. Məsələn, onda baş beyin şişi- meningiom və ya qliom olduğu bildirilir. Həmçinin belə bir fərziyyə irəli sürülür ki, imperator aktiv cinsi həyat səbəbindən yaranmış neyrosifilisdən, damarların tıxaclanmasından və hətta bir qulağında olan karlıqdan əziyyət çəkib.