Rusiya Azərbaycan sərhədləri yaxınlığında ordu cəmləyir

30 Avqust 2012 08:00 (UTC+04:00)

Dağıstanın bir sıra internet resursları son vaxtlar rus qoşunlarının ölkənin Gürcüstan və Azərbaycanla həmsərhəd dağ rayonlarında cəmləşdiyini bildirir. Bu da Rusiyanın hər iki digər ölkənin sərhədyanı əraziləri ətrafında ordu hissələrini gücləndirdiyini göstərir. Yerli mənbələrin dediyinə görə, əsasən də Botlix rayonunda müəyyən qədər canlı qüvvə və texnika toplanır. Hətta bəzi mənbələrin məlumatına görə, Saqada kəndi yaxınlığında zirehli dəstənin hərəkəti zamanı zirehli avtomobil dərəyə düşərək partlayıb.

Yerli sakinlər bildirirlər ki, hərbçilər meşə massivlərini blokadaya almaq, ora havadan zərbə endirmək niyyətindədir. Bəzi məlumatlara görə, bu hazırlıqda məqsəd qışadək Dağıstandakı mücahidlərin dağ bazalarını məhv etməkdir. Digər məlumatlara görə isə, Gürcüstana qarşı hərbi əməliyyata hazırlıq gedir. Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləridir. Rus analitiklərinin fikrincə, həmin seçkilər dönəmində Gürcüstanda qarışıqlıq olacağı gözlənilir və belə təqdirdə Moskva Cənubi Osetiya və Abxaziyanın müdafiəsi adı altında ora qoşun yeridə bilər. Bu da ondan xəbər verir ki, sərhəd zonalarına qoşun yeritməklə parlament seçkiləri dövründə Moskva Tiflis hökumətinə təzyiq göstərmək niyyətindədir. Burada məqsəd isə Gürcüstanda Mixail Saakaşvili hökumətinin istefasına nail olmaq istəyən qüvvələrin dəstəklənməsidir.

Xatırladaq ki, hələ bir neçə ay əvvəl tanınmış hərbi ekspert Pavel Felgenhauer bildirmişdi ki, Amerika İrana qarşı əməliyyata başladığı halda, Rusiya Gürcüstana qoşun yeritməyə hazırlaşacaq. Moskva Ermənistandakı hərbi bazanı blokadadan çıxarmaq üçün bu addımı atacaq. Çünki baza blokadaya alına bilər, belə ki, hazırda onun təchizatı İrandan keçir. Onu da bildirək ki, son aylar işğal altında olan Abxaziya və Cənubi Osetiyada Rusiya qoşunları yeni silah və desant bölmələri ilə gücləndirilib.

Azərbaycana gəldikdə, bildiyimiz kimi, son dövrlər Qəbələ RLS ətrafında Moskva ilə aparılan danışıqlar hələ ki, bir nəticə verməyib. Rəsmi Bakı mövcud situasiyanın dəyişdiyini nəzərə alaraq RLS görə icarə haqqının 300 milyon dollara qədər artırılmasını istəyir. Kreml rəsmiləri isə bununla razılaşmırlar. Görünür, Dağıstan sərhədinə qoşun yeritməkdə Moskvanın qarşısında duran məqsədlərdən biri də bununla Bakını Qəbələ RLS-i məsələsində mövqeyindən geri çəkilməyə vadar etməkdir. Bütövlükdə yaranmış vəziyət ondan xəbər verir ki, Moskvanın hər iki Qafqaz respublikası ilə müəyyən anlaşılmazlıqları var və Kreml həmin anlaşılmazlığı öz xeyrinə həll etmək üçün sərhədə qoşun yeritməklə güc nümayiş etdirir.

Ümumiyyətlə, hər dəfə Rusiyanın Ermənistan istisna olmaqla Qafqazın digər iki ölkəsi sərhədinə qoşun toplaması xəbəri böyük rezonansa səbəb olur. Rusiya rəsmiləri isə qoşunların sərhədə cəmləşməsi ilə bağlı ziddiyyətli izahatlar verir. Gah prosesi adi rotasiya kimi qələmə verirlər, gah da bunun Dağıstanda Rusiya DİN-in operativ qruplaşmasının yaradılması ilə bağlı olduğu bildirilir. Rusiya nəşrləri isə yazır ki, qoşun birləşmələrinin bu miqyasda rotasiyası mümkün deyil. Digər tərəfdən DİN-in Dağıstanda operativ qruplaşmasının yaradılması üçün bu qədər çoxsaylı ağır texnika və reaktiv artilleriya sistemləri gərəksizdir. "Arqumenti nedeli" qəzeti bildirir ki, Azərbaycan Qarabağ problemini güc yolu ilə həll etməyə cəhd göstərəcək: "Dağıstana qoşun yığılması isə onu göstərir ki, Rusiya Ermənistanı darda qoymayacaq".

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu isə düşünür ki, Rusiya qoşunlarının Dağıstanda toplaşmasının əsl məqsədi bölgədə silahlı mücahidlərin aktivləşməsi ilə bağlıdır. Onun sözlərinə görə, hazırda Dağıstan meşələrində lokal döyüşlər gedir: "İkinci çeçen savaşından bu yana rus ordusu bu qədər itki verməmişdi. Lokal döyüşlərdə artıq 20-dən çox rus hərbçisi öldürülüb. Ancaq onu da istisna etmirəm ki, Rusiya Dağıstana qoşun birliklərini yerləşdirməklə bir növ Azərbaycana da mesaj yollayır". Politoloqun fikrincə, Kreml Azərbaycana anlatmaq istəyir ki, Qarabağı geri qaytarmaq uğrunda savaşa başlasa, Rusiya qoşunları Dağıstan üzərindən istənilən həmləyə hazırdır: "Əslində bölgədə vəziyyət xeyli gərgindir. İran ətrafında halqa daralır. İrandan Azərbaycana qarşı təxribatların miqyası genişlənir. Belə bir şəraitdə Azərbaycanın özü belə Qarabağda müharibə variantından ehtiyat etməlidir. Çünki İran diqqəti özündən yayındırmaq üçün gərginliyi Qarabağ savaşına inikas etdirə bilər. Yəni hər şeyi edə bilər ki, Qarabağ savaşında hadisələr Azərbaycanın əleyhinə yönəlsin. Eləcə də Rusiya savaş məqamında Azərbaycanı zəiflətmək üçün əlindən gələn bütün fəaliyyətlərə start verə bilər. Bunu ötən Qarabağ savaşında da gördük. Ona görə də belə bir şəraitdə rəsmi Bakı addımlarında son dərəcə diqqətli olmalıdır".

Hərbi ekspert Üzeyir Cəfərov da Rusiya qoşunlarının Dağıstanda cəmləşməsini onların terrorla mübarizə tədbiri kimi dəyərləndirdi: "Şimali Qafqazda öz qoşunlarını gücləndirmək qərarına gələn Rusiyanın məqsədi son zamanlar Dağıstan və Şimali İnquşetiyada həyata keçirilən terror əməliyyatlarının qarşısını almaq, ordakı şəxsi heyətini yeniləmək vəə gücləndirmək xarakteri daşıyır".

Ekspertin sözlərinə görə, Qəbələ RLS ətrafında danışıqların hələlik nəticə verməməsini əsas gətirməklə Moskva heç də qoşunlarını Azərbaycanla sərhəd ərazilərə toplamaz: "Bir sıra mətbu orqanlar yazır ki, Rusiya ilə Azərbaycan arasında müəyyən narazılıqlar var. Xüsusi ilə Qəbələ RLS məsələsində razılığın əldə olunmamasını narazılığın yaranmasına misal göstərirlər. Lakin zənnimcə, bu fikirlər absurddur. Rusiya hansısa bir RLS ətrafında gedən danışıqlarda razılığın olmamasına görə sərhədə bu qədər qoşun yeritməz. Digər tərəfdən Gürcüstanla 2008-ci il müharibəsindən sonra bunun yenidən reallaşması mümkün deyil. Çünki Rusiyanın Azərbaycandan, Azərbaycanın isə Rusiyadan birbaşa asılılığı var. Düşünürəm ki, mətbuat nümayəndələri bu məsələdə bir az təmkin nümayiş etdirməlidir. Bu, sadəcə, Rusiyanın öz ərazisində qoşunlarının dislokasiya yerini dəyişməsi, yığmasıdır. Məhz buna görə də bu məsələdə narahatçılığa əsas görmürəm".