Azərbaycanda sərnişin qatarı sərnişin avtobusu ilə toqquşub, ölənlər və yaralananlar var
31 Avqust 2012 12:56 (UTC+04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı
Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir
Əzməmmədovun APA-ya verdiyi
məlumata görə, 31 avqust 2012-ci ildə Ağstafa-Bakı marşrutu ilə
hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək
Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir
yolu keçidində saat 07.30-da təyin olunmuş sürətlə hərəkətdə olan
zaman, keçidi keçməyə cəhd göstərən "Daewoo" markalı, 10 TF 427
dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində sərnişinlər arasında ölənlər və xəsarət alanlar
var.
Hadisə yerində hüquq-mühafizə orqanları ilə birgə aparılmış
araşdırma zamanı, qorunan keçidin texniki vəziyyəti Nəqliyyat
Nazirliyinin 27.10.2003-cü il tarixli 47/s-saylı "Dəmir yolu
keçidlərinin istismarına dair Təlimat"ın tələblərinə uyğun olması
müəyyən edilib.
Hadisənin baş verməsinə səbəb, sürücü tərəfindən "Yol hərəkəti
haqqında" qanunun tələblərinin pozulması olub.
"Bakının Qaradağ rayonunda baş
verən yol qəzası nəticəsində ölənlərin sayı hələlik 6
nəfərdir".
Bunu APA-ya Səhiyyə
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Onun
sözlərinə görə, ölənlərin sayı arta da bilər: "Kliniki Tibbi
Mərkəzdə olan 8 nəfərin vəziyyəti ağırdır. Hazırda onlardan 2
nəfəri əməliyyatdadır. Ümumilikdə qəzada 41 nəfər yaralanıb.
Onlardan 32-si Kliniki Tibbi Mərkəzə, 9 nəfəri isə Travmatologiya
İnstitutuna aparılıb. Onlardan 8 nəfərinə ambulator yardım
göstərildikdən sonra evə buraxılıb".
Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov isə APA-ya açıqlamasında bildirib ki, qəza
nəticəsində Mərkəzə 1 nəfərin meyiti gətirilib, 2 nəfər isə yolda
gətiriləndə ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir:
"Ölənlərin şəxsiyyətini dəqiqləşdirmək çətindir. Onların sənədi
yoxdur və ya qohumları bilmirlər".
Hazırda mərkəzdə qəza nəticəsində yaralanan 35 xəstə
var.