BMT-nin baş katibi İranın xarici işlər naziri ilə görüşüb
31 Avqust 2012 17:23 (UTC+04:00)
İranda səfərdə olan BMT baş katibi Pan Gi Mun bu ölkənin xarici
işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.APA-nın İRİB-ə istinadən verdiyi məlumata
görə, görüşdə regional və beynəlxalq məsələlər əsas müzakirə
mövzusu olub. Ə. Salehi insan haqları mövzusunun siyasi təzyiq
vasitəsi olduğunu deyərək İrana qarşı ikili standart yürüdüldüyünü
bildirib: "ABŞ həbsxanalarında məhbus həyatı yaşayan iranlılar
azadlığa buraxılmalıdır". Onun sözlərinə görə, Qərb ölkələrinin
bütün təzyiq və sanksiyalarına baxmayaraq, İran uğurla inkişaf
edir.
P. G. Mun isə öz növbəsində deyib ki, Qoşulmama Hərəkatına
rəhbərlik İranın ictimai, siyasi və iqtisadi mövqeyini yüksəltmək
üçün yaxşı fürsətdir, eyni zamanda rəsmi Tehranın beynəlxalq və
regional fəaliyyətini daha da artıracaq. BMT baş katibi vurğulayıb
ki, hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən faydalanmaq
haqqı var: "Ümid edirəm ki, İranla "altılıq" ölkələri arasında
keçiriləcək görüş müsbət nəticələnəcək".