Ermənistan Macarıstan hökumətindən izahat istəyir

31 Avqust 2012 18:56 (UTC+04:00)

Ramil Səfərovun azadlığa buraxılması düşmən ölkədə şok effekti yaradıb. Gun.Az xəbər verir ki, düşmən ölkənin mətbuatı Ramilin azadlığa çıxma xəbərini qorxu və təlaşla qarşılayıb.

"News.am" saytının yazdığına görə, hələ ki, rəsmi İrəvan bu haqda heç bir açıqlama verməyib.
Digər saytlar isə Ramilin azadlığa çıxmasına görə Ermənistan hökumətini günahlandırıb və qeyd edilib ki, bu, Azərbaycan diplomatiyasının uğurudur.
"Janarmenian" saytı isə təhqir dolu məqalə yayımlayıb. Bütün bunlar göstərir ki, Ramilin azadlığa çıxması Ermənistanı çox ciddi şəkildə narahat edir.
Ermənistanın Macarıstandakı səfirliyinin əməkdaşı Artur Muşexyan panarmenian saytına müsahibəsində Azərbaycan zabitinin ekstradisiyası haqqında fikir bildirməyə çətinlik çəkib:

"Hal-hazırda mən Macarıstan hakimiyyətinin bu məsələyə dair rəsmi açıqlamasını gözləyirəm. Bu açıqlamadan sonra Ermənistan da öz mövqeyini bildirəcək".
Qeyd edək ki, bu gün Azərbaycanın Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub və Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.