Ali məktəblərə daxil olan tələbələrin qeydiyyatı başa çatıb

31 Avqust 2012 20:49 (UTC+04:00)

Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə daxil olan tələbələrin qeydiyyatı başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, bakalavrların qeydiyyatına avqustun 23-dən başlanılıb. 

Tələbə adı qazanmış şəxslər avqustun 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməli idilər. Verilmiş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək. 

Qeyd edək ki, bu il ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94 faiz dolub. Ali təhsil müəssisələrinin boş qalan 1924 plan yerinə 451 qəbul olunub.