Bu gün səhər isə Naxçıvan Muxtar
Respublikasının Culfa sərhəd-keçid məntəqəsində Naxçıvandan Bakıya
gəlmək istəyən avtobusların sıxlığı yaranıb. Sərhəddə gözləyən
vətəndaşların APA-ya verdikləri məlumata görə, bu gün səhər
saatlarından
keçid məntəqəsindən keçmək istəyən 5 avtobus İran ərazisinə
buraxılmayıb.
İran gömrükçüləri Tehrandan təlimat gözlədikləri bildiriblər.
Məlumata görə, Bakıya gəlmək üçün dünən İranın Naxçıvandakı
konsulluğuna viza almaq üçün müraciət edən şəxslərə sentyabrın
1-dən viza rejiminin aradan qalxacağı və viza almağa ehtiyac
olmadığı bildirilib.
Saat 11 radələrində isə İran tərəfi Azərbaycan vətəndaşlarını
sərhəddən buraxmağa başlayıb.
Qeyd edək ki, Qoşulmama Hərəkatının avqustun 26-31-da İranda
keçirilən 16-cı sammiti ilə əlaqədar İran Azərbaycan vətəndaşları
üçün viza rejimini avqustun 5-dən 31-dək müvəqqəti bərpa edib.
İran Xarici İşlər Nazirliyi bununla bağlı Azərbaycan XİN-nə nota
göndərib. Notaya əsasən, qeyd olunan zirvə görüşü ilə əlaqədar
avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarının İrana səfər etməsi
üçün viza rejimi tətbiq olunacağı, bu tarixdən sonra əvvəlki
rejimin bərpa ediləcəyi bildirilib.
Naxçıvandan Bakıya gələnlər İranın Naxçıvan Muxtar Respublikası
ərazisində yerləşən konsulluqlarına, Naxçıvana gedənlər isə İranın
Bakıdakı səfirliyinin konsulluq şöbəsinə müraciət edərək viza
alıblar.