Köynəyinə “Mən bir türkəm” yazdığına görə tutdular
3 Sentyabr 2012 16:39 (UTC+04:00)
Urmunun İran parlamentindəki millət vəkili
Nadir Qazipur növbəti dəfə Urmu gölü məsələsinə toxunub. O,
bildirib ki, Urmu gölü ilə bağlı əhalinin tələblərinin hədsiz çox
olduğuna görə, bu zəmində sükut etmək mümkün deyil. "Bu barədə
məsul şəxslər lazımlı tədbirlər görməlidir. Ətraf-mühit böhranı
barədə mütəxəssislər tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də,
Urmu gölü böhranı getdikcə dərinləşir. Urmunun turizm sektoru da
artıq məhv olunub. Urmu gölünün qurumasının iqtisadi, ictimai və
ətraf-mühit ziyanları kimsəyə sirr deyil. Ona görə də ölkə
rəhbərliyi və yerli məsullar əməli addımlar ataraq, baş verə
biləcək insani faciənin qarşısını almalıdırlar"-deyə, millət vəkili
bəyan edib.
İki gün öncə Təbrizin "Səhənd" stadionunda "Traxtur"la "Səba"
taqımlarının oyunu zamanı tutulan soydaşımız isə azadlığa
buraxılıb. Fərid Sadiqi zəmanət qarşılığında müvəqqəti olaraq
sərbəst buraxılıb. Ancaq o, bu gün Təbrizdə mühakimə olunacaq. Qeyd
edək ki, "Traxtur-Səba" müsabiqəsi bitdikdən sonra tamaşaçılar
stadionu tərk etdikləri zaman Fərid Sadiqi təhlükəsizlik qüvvələri
tərəfindən tutulmuşdu.
Şəbistərin Nadarlı kəndinin sakini olan Fərid "Traxtur"
tərəfdarı yaxalanarkən məmurlar tərəfindən döyülüb. Şahidlərin
sözlərinə görə, məmurlar "Traxtur" tərəfdarını köynəyinin üzərində
"Mən bir türkəm" şüarı yazıldığına görə tutduqlarını deyiblər.