Misir prezidentinin sözçüsü İran rəsmisinin iddialarını təkzib etdi
3 Sentyabr 2012 17:25 (UTC+04:00)
Misir prezidenti Məhəmməd Mursinin
sözçüsü Yasir Əli dövlət başçısının Tehranda İranla
münasibətlərin inkişafına yönəlmiş danışıqlar aparması ilə bağlı
iddiaları təkzib edib. "Media forum" saytının məlumatına görə,
Yasir Əli sentyabrın 2-də jurnalistlərə deyib: "Misir prezidenti
Məhəmməd Mursinin iranlı həmkarı Mahmud Əhmədinejadla görüşündə iki
ölkənin münasibətlərinin bərpası və inkişafına dair hər hansı
danışıq aparılmayıb".
Avqustun 30-da jurnalistlərlə görüşən İran xarici
işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Tehranda keçirilən
Qoşulmama Hərəkatının zirvə toplantısına qatılan Misir
prezidentinin iranlı həmkarı ilə görüşündə iki ölkənin
münasibətlərinin bərpası haqda danışıqlar aparıldığını demişdi:
"Cənab Mursi və İran prezidenti Mahmud Əhmədinejad Suriyadakı
böhranla yanaşı iki ölkənin 1979-cu ildən kəsilən diplomatik
əlaqələrinin bərpası məsələsi haqda da müzakirələr aparıb".