İran vətəndaşları Azərbaycan banklarına meyllənirlər

4 Sentyabr 2012 08:17 (UTC+04:00)

Son illər Azərbaycanın bank sektorunda İran vətəndaşlarının fəallığı artıb. Ölkəmizdəki banklara yatırım qoyanlar arasında cənub qonşumuzun vətəndaşlarının sayında artım müşahidə olunur. Məlumatlara görə, İran vətəndaşları daha çox İran Milli Bankı və digərləri ilə maliyyə əməliyyatları həyata keçirilir.

Azərbaycan banklarının hansı kriteriyalara görə İran vətəndaşları üçün cəlbedici olması maraqlı görünür. Söhbətləşdiyimiz iqtisadçı ekspertlər bu məsələdə bir neçə versiyalar irəli sürürlər.

Məsələn, iqtisadçı ekspert İlham Hüseynlinin sözlərinə görə, Azərbaycan banklarında maliyyə əməliyyatları aparan İran vətəndaşlarının sayının ildən-ilə artmasının səbəbləri sırasında iqtisadi cəlbedicilik məsələsi o qədər də ağlabatan görünrə bilməz: "Onların bir sıra üstünlüklərə malik olan İslam bankçılığının imkanlarından yararlanmayıb da, Azərbaycan banklarına müraciət etmələri göstərir ki, bu yatırımlar heç də konkret biznes sahəsinə, gəlirgötürmə müstəvilərinə yönəlməyib. Banklarımıza depozit yatıran İran vətəndaşlarının sayının artması onların Azərbaycanda daşınmaz əmlak almaları ilə birbaşa bağlı ola bilər. Məlumdur ki, Azərbaycanda yaşayan İran vətəndaşlarının sayı artır. Bu da onların bank imkanlarından yararlanmalarına səbəb olur. İran ətrafında həlqələr daraldıqca, təhlükələr artdıqca bu ölkənin iqtisadi gücü Azərbaycana axmağa başlayır. Kommersiya ilə məşğul olanları ilk növbədə təhlükəsiz, sabit və işgüzar iqtisadi mühit maraqlandırır ki, o da Azərbaycanda mövcuddur. Təkcə bank sektorunda deyil, iqtisadiyyatın ayrı-ayrı sahələrində İran vətəndaşlarının iştiraklarının sayı artmaqdadır. Araşdırma aparsaq görərik ki, İran vətəndaşları fərdi qaydada ölkə iqtisadiyyatına çoxlu sayda yatırımlar qoyurlar. İran vətəndaşlarının Azərbaycanın iqtisadi və siyasi həyatındakı aktivliyi açıq şəkildə müşahidə olunmaqdadır".

İ.Hüseynli əlavə etdi ki, İran vətəndaşlarının iştirakı ilə Azərbaycan banklarında əməliyyatlarının həcminin və ya sayının artması həm də cənub qonşumuzun ölkəmizdəki maraqları ilə də bağlı ola bilər: "Bilirsiz ki, İranın Azərbayanda xeyli sayda qeyri-hökumət təşkilatları, siyasi qurumları, media və s. qurumları fəaliyyət göstərir. Onların maliyyələşməsi məsələsi banklar vasitəsilə həyata keçirilir. İstisna etmirəm ki, İran vətəndaşlarının bank sektorumuzda fəallığının artması bu faktorla da bağlı ola bilər. Bütün hallarda mənə elə gəlir ki, yaranmış durumdan narahat olmağına dəyməz".

Ekspertin sözlərinə görə, Azərbaycanın bank sektorunda İran vətəndaşlarının sayının artmasına baxmayaraq, ölkədə islam bankçılıq sistemi o qədər də inkişaf etməyib: "Məncə, bu məsələ olduqca düşündürücüdür. İslam bankçılığının bir sıra üstünlükləri var. Amma nədənsə bizdə bu sistem o qədər də oturuşmayıb. Açığı, onlar üçün burada meydan da yoxdur. İslam bankçılığı əsasən İranla bağlı olduğu üçün onların maliyyə əməliyyatlarının bir ucunun arzuolunmaz istiqamətlərə getməsi şübhələri mövcuddur. Bəlkə də buna görədir ki, İran vətəndaşları Avropa sisteminə əsaslanan kommersiya banklarına yatırımlar qoymağa və ya hansısa əməliyyatlar həyata keçirməyə məcbur olurlar".