Ermənistanın status-kvonu dondurmaq ümidləri puça çıxdı

4 Sentyabr 2012 08:18 (UTC+04:00)

"Xalq iqtidar-müxalifətə bölünmədən Ramil Səfərovu Azərbaycana qaytaran Ali Baş Komandanın, prezident İlham Əliyevin siyasətinin təntənəsini etiraf və təqdir edir, ona minnətdarlıq etməyi vətəndaş borcu hesab edir". Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Bakı Dövlət Universitetinin "Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası"nın müdiri, professor Rəbiyyət Aslanovanın Gün.Az-a müsahibəsində vurğulayıb: "Qarabağ uğrunda ədalət savaşının və əzminin, milli gücün bu günlərdə görünməmiş dərəcədə yüksəlməsi də yerli mediada gündəmin əsas mövzusunu təşkil edir. Bu hadisənin işıqlandırılmasında iqtidarlı-müxalifətli mətbuatın vahid mövqedən çıxış etməsi ərazi bütövlüyümüzün bərpasına indiyə kimi bu qədər aşkar olmayan nikbinlik və əminlik yaradır. Azərbaycan xalqını yenilməz edən, ayrı-ayrı vətəndaşların əzmini milli gücə çevrildiyi günlərdə bir şeyi unutmamalıyıq: duyduğumuz fəxarətin, bu böyük anı bizə yaşadan qələbə siyasətinin qədrini, dəyərini nə qədər aydın dərk etsək, belə günlərimiz bir o qədər davamlı və dönməz olacaq. Məhz buna görə bəzi məqamlar üzərində dayanmaq istərdik.

Ramil Səfərovun Azərbaycana qaytarılması qlobal gündəmi məşğul etməsi öz-özlüyündə bu hadisənin miqyas və mahiyyətini, əhəmiyyətini bariz şəkildə nümayiş etdirir. Ramil Səfərovun Azərbaycana qaytarılması haqq işimiz uğrunda mübarizənin - ən müasir tariximizin dönüş nöqtəsi oldu. Artıq ərazi bütövlüyümüzün təminatı üçün mövcud olan status-kvo dəyişdi.

Dövlətin, xüsusilə də müharibə gedən ölkədə hər bir uğur sərkərdənin, Ali Baş Komandanın xidmətidir. Ramili məhbəsdən azad edərək vətənə qaytaran, ədaləti təmin edən Ali Baş Komandan İlham Əliyev bununla müstəqillik dövründə haqsız cəlb olunduğumuz müharibədə, "nə sülh, nə müharibə" vəziyyətinin sonsuz olmadığını sübut edən dönüş nöqtəsini yaratdı. Artıq Ermənistanın sonsuza qədər sülh danışıqları adı altında gizlənərək status-kvonu dondurmaq ümidləri puça çıxdı. Qarabağın azadlığı uğrunda mübarizədə qəfil qələbənin onları hər an haqlaya biləcəyinin nə qədər real olduğunu aşkar etdilər...".