AMEA prezidenti Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı təkliflərə münasibət bildirib
4 Sentyabr 2012 16:40 (UTC+04:00)
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Azərbaycan
əlifbasının dəyişdirilməsi ilə bağlı səslənən təkliflərə münasibət
bildirib. AMEA prezidenti APA-ya açıqlamasında deyib ki, hələlik
rəhbərlik etdiyi qurum Azərbaycan əlifbasının dəyişdirilməsi ilə
bağlı təkliflər verməyəcək: "Azərbaycan dilinin İnkişafı ilə bağlı
Dövlət Proqramının layihəsi artıq hazırlanıb və yaxınlarda
Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq. Əlifba ilə bağlı
təklif etməyi düşünmürük. AMEA-ya belə bir tapşırıq da verilməyib.
Bununla bağlı sərəncam və tapşırıq olsa, AMEA təkliflərini
hazırlaya bilər".
AMEA prezidenti deyib ki, Azərbaycan əlifbasının tam şəkildə
dəyişdirilməsinin tərəfdarı deyil: "Amma "ə" kimi bəzi uğursuz
hərflər dəyişməlidir. Belə hərflər həqiqətən problemlər yaradır.
Bunun əvəzinə başqa işarə tapmaq daha məqsədəuyğun olardı. Bu hərf
üstündə iki nöqtə olan "a" kimi verilsə, yaxşı olar. Mənə elə gəlir
ki, bu haqda düşünmək lazımdır".
"ç", və "ş" hərflərinin qrafemlər şəklində işlədilməsinə gəlincə,
M. Kərimov deyib ki, bu hərflər kompyuterlərdə, internetdə müəyyən
problemlər yaratsa da, hər halda onların işarəsi artıq qəbul
olunub: "Amma "ə" hərfi mənə heç münasib gəlmir. İstifadəçilərin
kompyuterlərdən istifadəsini daha rahat etmək üçün bu hərfi
dəyişmək məqsədəuyğun olardı".