Tovuzda

13 Aprel 2012 20:45 (UTC+04:00)

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda "Ayan Palace" otelinin açılışında iştirak edib. Yeni turizm obyekti ilə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, inşasına 2008-ci ilin martında başlanılan otel rayonda ən böyük turizm layihəsidir. "Ayan Palace" zirzəmi qatından, beş mərtəbədən və mansarddan ibarətdir. Otelin ərazisində kompleks abadlaşdırma işləri aparılmış, müxtəlif dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınıb.
Prezident İlham Əliyevə bildirilib ki, avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb, 120 nəfərlik restoran fəaliyyət göstərir. Otelə bitişik 700 nəfərlik salon da inşa olunub.
Salonla tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılıb. Bu salonda, həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Salon ən müasir səs və işıq sistemləri ilə təchiz olunub. Oteldə günün istənilən vaxtında müştərilərə xidmət göstərən 70 nəfərlik bar, müxtəlif ofis və mağazalar da fəaliyyət göstərəcək.
Diqqətə çatdırılıb ki, "Ayan Palace" otelində 65 nömrə var. Nömrələr otelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.
Otaqlarla tanışlıq zamanı prezident İlham Əliyevə məlumat verilib ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Qonaqlar, eyni zamanda, otaqlardan Tovuz rayonunun gözəl mənzərəsini də seyr edə biləcək.
Dövlət başçısı turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi ilə də yaxından tanış olub. Bu xidmət sahələri də müasirliyi ilə diqqəti cəlb edir. Ən yüksək şəraitin yaradıldığı mərkəzdə qadın və kişilər üçün fitnes zalları, qapalı hovuz, sauna, türk və fin hamamları, masaj otaqları və hidroterapiya xidməti kabinetləri fəaliyyət göstərəcək. Oteldə, həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılıb.
Məlumat verilib ki, hazırda oteldə 50 nəfər işləyir. İşçilərin 90 faizi rayon sakinidir. Onlara xarici mütəxəssislər tərəfindən kurslar keçilib. Yaxın aylarda işçilərin sayının 110-a çatdırılması nəzərdə tutulub.
Qeyd olunub ki, "Ayan Palace" oteli Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə üzbəüz yerləşir. Otelin qonaqları bu parkda da mənalı istirahət etmək imkanına malikdir. Bundan başqa, Tovuz Olimpiya İdman Kompleksi də otelə yaxın məsafədədir.
Bildirilib ki, "Ayan Palace" otelinin istifadə verilməsi ölkəmizin şimal-qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsir göstərəcək. Otel ilə yaxından tanış olan prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.