Azərbaycanın 2 voleybol komandası birləşib
4 Sentyabr 2012 20:39 (UTC+04:00)
"Bakı" voleybol klubunun taleyinə
aydınlıq gəlib. Bu barədə məlumatı apasport.az saytına klubun
vitse-prezidenti Tunc Afşar verib.
Dağılmaq təhlükəsi ilə üzləşən paytaxt təmsilçisi ən azından adını
yaşadacaq. Belə ki, Super Liqanın bürünc mükafatçısı digər Bakı
klubu "Azəryolservis"lə birləşməyə qərar verib.
Nəticədə cəmi 7 komandanın mübarizə apardığı Azərbaycan
çempionatında klublardan biri də azalıb. Yeni mövsümdən "Bakı" və
"Azəryolservis" bir ad altında - "Bakı-Azəryolservis" kimi mübarizə
aparacaq.
Afşar bildirib ki, artıq yeni transferə də ehtiyac qalmayıb:
"Bildiyiniz kimi, "Azəryolservis" heyətini formalaşdırıb. Bundan
sonra isə yeni voleybolçu çox və ya heç olmayacaq. Çünki onlar
məşqlərə də başlayıblar. Yeni komanda kimi isə təlim-məşq toplanışı
Azərbaycan yığmasının qarşıdakı 2 həftədəki oyunlarından sonra
start götürəcək. Biz isə artıq bütün voleybolçularla vidalaşmışıq
və onlar özlərinə yeni komanda tapacaqlar".
Apasport.az saytının daha bir ehtimalının özünü doğrultması üçün
bir həftə də çox oldu. Çünki bizim yazdığımız kimi CEV kubokunda
iştirak etməli olan "Bakı" yarışdan imtina edəcəyi halda, ciddi
sanksiyalar və pul cərimələri ilə cəzalandırılacaqdı.
Bunu yaxşı başa düşən komanda rəhbərliyinin belə addım atması başa
düşüləndir. Apasport.az saytının yazdığı kimi, artıq avrokubokda da
ölkəmizi "Bakı-Azəryolservis" təmsil edəcək. Bu isə o deməkdir ki,
Azərbaycan Voleybol Federasiyası və klub Avropa Voleybol
Konfederasiyası tərəfində cəzalanmayacaq.
Həm də, "Bakı" bununla özünü sığortalamış olacaq. Çünki ötən il
"Çelenc Cup"ın finalına kimi irəliləyən paytaxt təmsilçisi yenidən
ayrılmaq xülyasına düşsə və Super Liqada yer tutsa, beynəlxalq
turnirlərə qatıla bilsin.
Qeyd edək ki, ötən mövsüm də başlamamış "Şirvan" klubu tarixin
yaddaşına köçmüşdü.