“Ermənistan Ramil Səfərovun Azərbaycana qaytarılmasının qanuniliyini tanımalıdır”
7 Sentyabr 2012 15:03 (UTC+04:00)
Almaniya Bundestaqının deputatı, Xristian
Demokrat Partiyasının üzvü Olav Gutting Ramil Səfərovun Azərbaycana
qaytarılması ilə əlaqədar Ermənistanın mövqeyinə etirazını
bildirib.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, O. Gutting
bildirib ki, ekstradisiyanın Avropa hüquq müstəvisində qanuniliyinə
heç bir şübhə yoxdur: "Odur ki, Ermənistan hökumətini, eləcə də
erməni diasporunu tərəfdaşımız olan Macarıstana qarşı tənqid tonunu
azaltmağa səsləyirik. Ermənistan tərəfinin Macarıstanın, beynəlxalq
hüququ pozmasına dair iddialarının, sadəcə yanlış və səbatsız
olduğu sübut oluna bilər.
Macarıstan səfirlikləri qarşısında nümayişlərə çağırış növbəti
iğtişaşlara təhrik edəcək ki, bu da nə etibarın artırılmasına, nə
də Ramil Səfərovun Azərbaycana ekstradisiyasının obyektiv
qiymətləndirilməsinə nail olmaq üçün əlverişli yoldur.
1992-ci ilin fevralında yüzlərlə azərbaycanlının ermənilər
tərəfindən qətlə yetirildiyi Xocalıda törədilən qırğından əvvəl
azərbaycanlıların ermənilərin dinc əhaliyə ziyan vurmağa qadir
olduğuna inanmadığını deyən hazırkı Ermənistan prezidenti Serj
Sarkisyanın səsləndirdiyi bu kimi bəyanatlar Cənubi Qafqazda sülhə
nail olmağa əngəl törədir.
Odu daha da alovlandırmaq əvəzinə, Ermənistan bu ekstradisiyanın
qanuniliyini tanımalı və danışıqlar masasına yenidən
qayıtmalıdır".