Slavyan ölkələri ilə əlaqələrimiz genişlənir

7 Sentyabr 2012 17:22 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Slavyan dünyası ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də əməkdaşlıq sürətlə genişlənməkdədir. Son zamanlar görüləş işlər də bunu təsdiq edir. Rəsmilərin fikrincə bu sahənin inkişafı və dövlətimizin, bilavasitə Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Respublikamızın slavyan ölkələri ilə əlaqələrində bir növ "körpü" rolunu oynayan Bakı Slavyan Universitetinin təşəbbüsü ilə həyata keçirilən birgə layihələr bu əməkdaşlığa konkret məzmun vermişdir. Universitetin bu istiqamətdə gördüyü məqsədyönlü fəaliyyəti nəticəsində onlarla birgə layihələr uğurla həyata keçirilir. Bakı Slavyan Universitetinin  sıx əməkdaşlıq etdiyi Moskva şəhər pedaqoji universiteti ilə birgə uğurla tamamlanmış yeni layihəsi də bu qəbildəndir. Layihəyə əsasən hər iki universitetin tanınmış tədqiqatçı alimlərinin birgə elmi əsərləri məcmuəsinin həm Bakıda, həm də Moskvada nəşr olunması nəzərdə tutulub. Tanınmış rusiyalı alim, prof. M.A.Mılnikovanın redaktoru olduğu, 420 səhifəlik və 500 tirajla Moskvada nəşr olunmuş "Bakı Slavyan Universiteti və Moskva Şəhər Pedaqoji Universitetinin alimlərinin elmi əsərləri məcmuəsi" (rus-dilində) yeni işıq üzü görüb. Bu nəşri 2008-ci ildə BSU-nun rektoru prof. K. Abdullayevin təşəbbüsü ilə Bakıda nəşr olunmuş birgə elmi əsərlərin davamı saymaq olar. Məcmuədə linqvistika, tarix, hüquqşünaslıq, ədəbiyyatşünaslıq, pedaqoqika və psixologiya, sosiologiya, fəlsəfə, iqtisadiyyat və menecment bölmələri üzrə 13-ü Bakı Slavyan Universitetindən olmaqla cəmi 55 tədqiqatçının elmi məqalələri yer alıb.

Son dərəcə aktuallığı ilə seçilən məqalələrdən ibarət məcmuə nəfis şəkildə, yüksək keyfiyyətlə nəşr olunub. Məcmuə ilə Bakı Slavyan Universitetinin elmi kitabxanasında tanış olmaq olar.