“Eks-prezidentlərlə bağlı qanunun Əbülfəz Elçibəyin ailəsinə tətbiqi istiqamətində yaxın günlərdə lazımi addımlar atılacaq”
7 Sentyabr 2012 17:45 (UTC+04:00)
"Milli Məclis tərəfindən qəbul
olunmuş və Azərbaycan prezidenti tərəfindən təsdiqlənmiş
"Azərbaycan Respublikasının eks-prezidentləri və onların ailə
üzvlərinin təminatı haqqında" qanun ölkənin bütün
eks-prezidentlərinə və onların ailə üzvlərinə tətbiq olunur.
Bu qanun həm Ayaz Mütəllibova, həm də Əbülfəz Elçibəyə, onun ailə
üzvlərinə şamil edilir. Mətbuatda bunun əksi ilə bağlı səslənən
bəzi fikirlərin həqiqətə uyğunluğu yoxdur".
Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli HəsənovAPA-nın sualını cavablandırarkən
deyib.
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan
Respublikasının eks-prezidentləri və onların ailə üzvlərinin
təminatı haqqında" qanunun müddəalarının tətbiqi ilə bağlı Maliyyə
Nazirliyinə müvafiq tapşırıqlar verib: "Bu günlərdə Maliyyə
Nazirliyi həmin qanunun mərhum Əbülfəz Elçibəyin xanımına, həm də
Ayaz Mütəllibova, onun ailəsinə tətbiqi ilə bağlı lazımi addımlar
atacaq. Qanunda nəzərdə tutulan həm maddi, həm də digər bütün
müddəalar hər iki prezidentin ailəsinə şamil olunacaq".