Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz

8 Sentyabr 2012 08:33 (UTC+04:00)

"Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz". Bu fikri YAP-ın saytına "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanın diplomik uğurlarından ciddi narahatlıq keçirirlər. Buna görə də, müxtəlif təkliflərlə çıxış edir və parlamentə məlum qanun layihəsini təqdim edirlər. O deyib: "Bu cəhdlərin heç bir mənası yoxdur. Çünki Azərbaycan öz mövqeyində ədalətlidir. Mövcud münaqişənin səbəbkarı Ermənistandır. Əgər bu dövlət Azərbaycanın torpaqlarını işğal etməsəydi, bir milyondan çox insanı hərbi təcavüz nəticəsində öz torpaqlarından çıxarmasaydı, bu münaqişə də yaranmazdı. Ermənilər başa düşməlidir ki, müxtəlif yollarla əl atmaqla, yalan bəyanatlar verməklə heç kimi aldada bilməyəcəklər. Çətin durumda olan Ermənistan Dağlıq Qarabağın müstəqiliyini tanımaq iqtidarında da deyil. Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Ermənistan bu reallığı anlamalı və qəbul etməlidir".