Kredit üzünə həsrət fermerlər

2 İyun 2015 08:00 (UTC+04:00)

Kənd təsərrüfatının inkişafında maliyyə məsələsi də xüsusi çəkiyə malikdir. Təsərrüfatların inkişafına maliyyə ayrılmasında isə banklar xüsusi rol oynayır. Amma əvvəlki kimi banklar aqrar sahəyə kredit ayrılmasına elə də həvəslə yanaşmırlar.

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov məsələ ilə bağlı bildirdi: "Kənd təsərrüfatında çalışan sahibkarlara, ev təsərrüfatı başçılarına, fermerlərə demək olar ki, banklar tərəfindən kredit ayrılmır. Kənd təsərrüfatı ilə məşğul olan yoxsul ailə başçısının təsərrüfatını dirçəltmək üçün banklardan kredit aldığını xatırlamıram. Hətta bu kreditlər bəzən elə adamlara verilir ki, onların aqrar sahə ilə heç bir əlaqəsi yoxdur. Ən iri kreditlər sadəcə olaraq, özləri kənarda dayanaraq, adam tutub onları kənd təsərrüfatında işlətdirən insanlara verilir. Kənd təsərrüfatında çalışanlara kredit vermək üçün Azərbaycanda Torpaq Bankı yaradılmalıdır. Dünyanın əksər ölkələrində bu təcrübədən istifadə olunur. Bu banklar güzəştli şərtlərlə kənd təsərrüfatında çalışanlara kredit ayırır.

İndiki halda kredit almaq istəyən kənd adamından girov qoyulmasını tələb edirlər. Bu zaman girovun da ancaq Bakıda olması tələb olunur. Kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların əksəriyyətinin isə Bakıda girovluq obyekti yoxdur. Bu, o deməkdir ki, banklar əslində, aqrar sahədə çalışanlara kredit vermək istəmir. Kredit ala bilmədiyindən ölkəmizdəki bir sıra iri təsərrüfatlar fəaliyyətlərini dayandırmalı olub. Vaxtilə Göygöl rayonunda "Səmədoğlu" kəndli-fermer təsərrüfatı vardı. Bu respublikanın ilk böyük belə təsərrüfatı idi. Burada 800 başa qədər heyvan saxlanılırdı. Amerika və digər xarici ölkələrdən gələn nümayəndələri həmin təsərrüfatla tanış edirdik. Burada hər şey mexanikləşdirilmişdi. Həmçinin. süd emalı müəssisəsi fəaliyyət göstərirdi. Buzovlar qrup halında yemləndirilirdi. Lakin həmin təsərrüfat uzun illər kredit ala bilmədiyindən dağıldı. İndi orada bir baş da olsa, heyvan yoxdur. Abşeron rayonu, Masazır kəndində Oruc Balayevə məxsus böyük təsərrüfatda 750 baş yeni cins heyvan saxlanılırdı. Kredit olmaması üzündən indi bu təsərrüfatdan da əsər-əlamət qalmayıb. Hazırda ölkənin müxtəlif yerlərində bu tip bəzi iri təsərrüfatlar qalsa da, onlar da banklardan kredit almaqda çətinlik çəkir. Kredit verilən zaman da Kənd Təsərrüfatı Nazirliyinin rəyi öyrənilmir. Təəssüf ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu verdiyi kreditləri Kənd Təsərrüfatı Nazirliyinin xəbəri olmadan verir. Onlardan bu haqda məlumat ala bilmirdik. Kredit hesabına Ağcəbədi rayonunda iri "Aqataqro" təsərrüfatı yaradılıb. Lakin onların bir qarış da olsa torpaq sahəsi yoxdur. Ona görə də həmin təsərrüfatı saxlamaq şübhə altındadır. Buna yol verməmək üçün kənd təsərrüfatında çalışanlara kreditin verilməsi sadələşdirilməlidir. Verilən kreditə görə qoyulan girov obyekt kəndlərdə də nəzərə alınmalıdır. Lakin təəssüf ki, bunlar nəzərə alınmır və aqrar sahədə çalışanlara verilən kredit formal xarakter daşıyır. Bilmək olmur ki, onlar aldıqları kreditlə təsərrüfatı idarə edir, yoxsa, başqa məqsədlərə xərcləyirlər. Buna aydınlıq gətirilməli, Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə məlumatı və rəyi olmalıdır. Lakin bu rəy soruşulmur. Ona görə də belə vəziyyət yaranıb. Torpağı olmayan təsərrüfatların yaradılması yolverilməzdir, onlara kredit verilməməlidir. Bu təsərrüfatlarda hazırda yemi başqa yerlərdən satın alırlar".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, stimullaşdırıcı addım olmalıdır ki, banklar da aqrar sahəyə daha çox kredit verməkdə maraqlı olsun: "Ümumiyyətlə, istehsal və aqrar sektorun maliyyələşdirilməsi ilə bağlı aparılan tədqiqatlar göstərir ki, Azərbaycan banklarının kredit portfelinin cəmi 10 faizi istehsal və sənaye sektoruna yönəldilib. Bu sahədə aqrar sektorun payı isə daha azdır, cəmi 5 faiz. Bu isə kifayət qədər kiçik rəqəmdir. Azərbaycan Prezidenti də real sektorun kommersiya bankları tərəfindən dəstəklənməsilə bağlı fikirlərini bəyan edib. Dövlət başçısı vurğuladı ki, kommersiya bankları real sektorun maliyyələşməsində daha yaxından iştirak etməlidirlər. Bu vacibdir. Çünki, real sektor, o cümlədən aqrar sahənin yalnız dövlət büdcəsi və ya şəxsi maliyyə mənbələri hesabına deyil, eyni zamanda, kommersiya banklarının kreditləri hesabına da öz maliyyə mənbələrini müəyyənləşdirməsi arzuolunandır. Bu istiqamətdə Yaponiyada tətbiq olunan modelin tətbiqini təklif edirik. Belə ki, bu modelə görə kommersiya banklarının kredit portfelində aqrar və sənaye sektoruna yönəldilən kreditin həcmi ümumi kreditin 25 faizindən çox olursa, avtomatik olaraq, həmin bank vergi güzəştləri əldə edir. Ona görə də Azərbaycanda da bu istiqamət üzrə daha çox vergi ayıran banklara vergi güzəştlərinin tətbiqi arzuolunandır. Bu addım imkan verəcək ki, kommersiya bankları sözügedən istiqamətə vəsait ayırmaqda daha maraqlı olsunlar. Deməli, bu istiqamətdə stimullaşdırıcı, təşviqedici addımlar atılmalıdır ki, aqrar sahədə çalışanlar da kommersiya banklarının kreditlərindən yararlana bilsin. Aqrar sahədə çalışanlar üçün ciddi problemdən biri də girov məsələsidir. Girovların sadələşdirilməsi, tətbiq edilməsi və qiymətləndirilməsilə bağlı mexanizm dəyişməli, sadələşdirilməlidir. Bu, ona görə vacibdir ki, sözügedən sahibkarlar kommersiya banklarından vəsait tələb edə bilsin. Mikrokreditlər üçün Mərkəzi Bank tərəfindən girovların istənilməməsinin tövsiyə edilməsi də məqsədəuyğundur.

Aqrar sektorun kredit qabiliyyətinin, onun ixrac potensialının artırılması və kredit ödəmə qabiliyyətinin yüksəldilməsi üçün bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi ixrac subsidiyalarının tətbiq edilməsi yaxşı olardı. Bu imkan verəcək ki, aqrar sahədə çalışanların likvidliyi artsın. Bu da onlara kredit portfelindən daha çox istifadə etməyə imkan verəcək. Ona görə daha çox təşviqedici metodlardan istifadə etməklə, aqrar sektorun kommersiya bankları tərəfindən maliyyələşməsinə nail olmaq mümkündür".