Millət vəkillərindən xaricdən dayə gətirən məmurlara irad: "Yaxşı olar ki, həmin imkanlı şəxslər..."

2 İyun 2015 17:16 (UTC+04:00)

Ötən həftə Milli Məclisin son iclasında deputat Tahir Rzayev Azərbaycanda bir çox ailələrin xaricdən övladlarına dayə gətirməsi məsələsini qaldırdı. T. Rzayev xaricdən övladlarını tərbiyə edilməsi üçün dayə gətirən valideynlərə qarşı cəza tətbiq edilməlisi təklifi ilə çıxış edərək bildirdi ki, Azərbaycana Flippindən, İngiltərədən, Koreyadan və digər ölkələrdən dayələr gətirilir. Millət vəkilinin sözlərinə görə, bu dayələr də həmin uşaqlara öz mədəniyyətlərini və dillərini təbliğ edirlər: "Hətta, onlar baxdıqları uşaqlara Azərbaycan dilində danışmağı qadağan edirlər. Bu isə bizim milli-mənəvi dəyələrimizə ziddir və həmin uşaqlar böyüyəndə öz ana dillərində danışa bilmirlər. Odur ki, bu olduqca təhlükəli tendensiyadır və bunun qarşısı vaxtında alınmalıdır".

Qeyd edək ki, bu məsələ zaman-zaman gündəmə gətirilsə də, unudulub. Əcnəbi dayələrin imkanlı şəxslər tərəfindən ölkəmizə gətirilərək dayə kimi çalışması əsasən yad mədəniyyətin təbliği, uşaqların ana dilini unudaraq əcnəbi dildə danışması baxımından düzgün hesab edilmir. Elə digər millət vəkilləri də bu məsələyə ana dilinin qorunması, təbliği baxımından yanaşmağın və qarşısının alınmasının vacib olduğunu söyləyirlər. Millət vəkili Nizami Cəfərov Movqe.az-a açıqlamasında deyib ki, əslində hansısa imkanlı məmurun, yaxud da sıradan bir imkanlı şəxsin xaricdən dayə gətirməsi tənqid oluna bilməz: "Başqa xalqların mədəniyyətinin, dilinin uşağa öyrədilməsində heç bir qəbahət yoxdur. Amma uşaq ana dilini də mükəmməl bilməlidir. Həmin şəxslər bilməlidirlər ki, uşaq azərbaycanlıdırsa, ona öz mental dəyərləri, mədəniyyəti, dili öyrədilməlidir. Başqa xalqın mədəniyyətini, avropa səviyyəsində mənimsəyən uşaq eyni zamanda öz  adət-ənənələrini  də bilməlidir. Çünki, o uşağı nə qədər avropaya istiqamətləndirsələr də, uşağın gələcək həyatı vətəni ilə bağlı olacaq. Odur ki, vaxtında uşağa öz mədəniyyətini, dəyərlərini, dilini öyrədən dayə seçməlidirlər ki, mənim fikrimcə də bu hər bir uşağın öz anası olmalıdır".

Millət vəkili Çingiz Qənizadə də, imkanlı şəxslərin uşaqlarının əcnəbi dayə tərəfindən tərbiyə olunmasında qəbahət görmədiyini desə də, bunun tam olaraq düzgün olmadığı fikrindədir: "Mən uşağın xarici dilləri bilməsinin əleyhinə deyiləm. Bizim uşaqlar nə qədər başqa dilləri öyrənsələr o qədər yaxşıdır. Amma ilk növbədə uşaqlarımıza öz ana dilini öyrətməliyik".

Deputat ölkəmizdə çox sayda müəllim olduğu halda xaricdən əcnəbi dayənin gətirilməsini düzgün hesab etmədiyini söyləyib: "Həmin şəxslər elə hesab edirlər ki, Filippindən, Koreyadan dayə gətirməklə uşaqları yüksək səviyyədə təlim-tərbiyə almış olacaq. Amma bəzən həmin şəxslər öz ölkələrində 4-cü 5-ci dərəcəli mütəxəssislər olur. Ölkəmizdə isə bağçada uzun müddət tərbiyəçi işləmiş müəllimlər var ki, onlar işsizdirlər. Yaxşı olar ki, həmin imkanlı şəxslər Filippinə gedincə elə həmin müəllimləri işə götürsünlər. Uşaqları da milli ruhda tərbiyə alaraq cəmiyyətə layiqli vətəndaş kimi yetişsin".