Nazirlik tədbirlər planı hazırladı

2 İyun 2015 18:28 (UTC+04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) "Mingəçevir Yüksək Texnologiyalar Parkı" fəaliyyətinin təşkili ilə bağlı tədbirlər planı hazırlanıb.  Nazirlikdən Movqe.az-a verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Mingəçevir Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətinin təşkili ilə bağlı 2015-ci il üçün tədbirlər planını təsdiqləyib. Tədbirlər planında "Mingəçevir Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətinin təşkili, təbliğat işlərinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın qurulması, yerli və xarici ekspertlər ilə görüşlərin keçirilməsi və digər məsələlər əksini tapıb. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli 481 saylı Fərmanı ilə RYTN-in tabeliyində "YT Park" MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması və onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.