Müxalifətdə bitməyən ətalət

4 İyun 2015 11:00 (UTC+04:00)

Növbəti parlament seçkilərinə 4 ay qaldı. Buna rəğmən, müxalif düşərgədə yer alan siyasi partiyalarda seçkilərə hazırlıq yox dərəcəsindədir. Hələlik müxalifət nə partiyaları platformalarını nümayiş etdirib, nə də hazırlıqla bağlı çıxışlar ediblər. Amma hakim Yeni Azərbaycan Partiyasında (YAP) fərqli mənzərə müşahidə olunur.

Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, YAP-ın ümumrespublika müşavirəsində parlament seçkiləri ilə bağlı tapşırıqlar verilib: "YAP parlament seçkisində bütün seçki dairələrindən namizəd irəli sürəcək. YAP 125 seçki dairəsinin hər birindən seçicilərin etimadını qazanacaq, vətəndaşların dəstəklədiyi və istədiyi namizədlər irəli sürəcək. Biz partiya olaraq Azərbaycan cəmiyyətinin istəyinə uyğun şəkildə proqram müəyyən edirik. Şəhər və rayonlarda namizədlərlə bağlı araşdırmalar aparmışıq. Artıq bu proses yekunlaşmaq üzrədir. YAP vətəndaşların dəstəklədiyi şəxslərin namizədliyini irəli sürəcək".

S.Novruzov YAP-ın ümumrespublika müşavirəsində parlament seçkiləri ilə bağlı tapşırıqların verildiyini də xatırladıb: "Müşavirədə partiyanın yerli təşkilatlarına şəhər və rayon seçki qərargahlarında təmsil olunacaq şəxslərin siyahısını hazırlamaq tapşırığı verildi. İmza toplayan şəxslərin də siyahısı hazırlanmalıdır, onlar üçün treninqlər təşkil edilməlidir. Yaxın günlərdə bu işlərə start veriləcək". müxalifətdə isə vəziyyət fərqlidir.

Siyasilərin fikrincə, müxalif cəbhədəki süstlüyün obyektiv səbəbləri var. Onların bu seçkilərə də hazır olmadığı güman edilir. Odur ki, artıq indidən nəticələrin necə olacağı bəllidir.

Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, hazırda parlament seçkilərini ilə bağlı müxalifət düşərgəsində müşahidə edilən passivliyin obyektiv səbəbləri var: "Biz YAP-ın fəaliyyətinə bələdik. Hakim partiya kimi o, o qədər qüvvəlidir ki, uzun müddətdir hakimiyyətdə qala bilib. Buna qadirdir. Ona görə də onun hazırlığı təbiidir. Ancaq müxalif cəbhə sakit qalıb. Hər dəfə tövsiyə edirik ki, sənin imkanın yoxdursa, çalış belə kütləvi tədbirlər keçirmə. Bu, müxalifəti daha çox gözdən salır. Hər mitinqlərindən sonra xalqı bir az da özlərindən uzaq salırlar. İkinci tərəfdən, ambissiyaya uyğun güc olmalıdır. Ancaq bu gün müxalifət gücünə layiq ambissiya göstərmir. Belədə özlərini tamamilə itirmiş vəziyyətdə qoyurlar. Yəni, kütləvi tədiblərin keçirilməməsi, həm taktikalarının düzgün qoyulmaması həm də daxillərində çəkişmələrin olması baxımından hədsiz zəifdirlər. Belə bir vəziyyətdə özlərini toparlayıb seçkiyə cəlb edə bilmirlər. Sanki nəsə, əlverişli şərait gözləyirlər. Amma gələcəkdə ekspromt qarşılaşacaqları vəziyyətdən sonra namizədləri arasında münaqişə başlayacaq. Yenə də bu məsələ özlərinin savaşına çevriləcək, özlərinin zəifləməsinə gətirib çıxaracaq".

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ilk olaraq bildirdi ki, parlament seçkiləri siyasi proseslərdə mühüm əhəmiyyət kəsb edir: "YAP digər, xüsusi ilə də radikal müxalifət partiyaları kimi seçkilərə 5-10 gün qalmış fəaliyyətə başlamır. YAP seçkilərə özünün gündəlik fəaliyyət proqramı kimi yanaşır. YAP-ın gündəlik fəaliyyəti seçkilərlə bağlıdır. YAP həm texniki, həm ideoloji baxımdan seçkiyə hazırlaşıb. Ona görə də qalib gəlir. Eyni zamanda qalib gəlməyinin ən başlıca səbəbi ölkədə aparılan siyasət və aparılan siyasətin vətəndaşlar tərəfindən qəbul edilməsi, dəstəklənməsidir. Həmçinin, digər proseslər də müvafiq şəkildə həyata keçirilir. Müxalifət isə yalnız və yalnız seçkiyə start verilib, təbliğat kampaniyası başlayanda hərəkətə gəlir. Səs-küylə proseslərə qoşulurlar. Ancaq seçki bu tərzdə keçirilmir. Seçkiyə hazırlıq YAP nümunəsidir. İnsanların etimadını qazanmaq, şəffaflığı özündə etiva edən platforma ilə çıxış etmək lazımdır".

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda parlament seçkilərinin keçirilməsi planlaşdırılıb.