XİN: Arif Məmmədovun statusu tam araşdırılacaq

3 İyun 2015 23:00 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışan Arif Məmmədov tərəfindən sosial şəbəkələrdə yazılmış statusla bağlı haqqin.az saytında yazılanları şərh edib.

"Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır", - deyə H. Hacıyev APA-ya bildirib.

Xatırladaq ki, A. Məmmədov "facebook" sosial şəbəkəsindəki statusunda Binəqədi rayonunda binada yanğını nəzərdə tutaraq baş verən hadisəyə görə məmurların ünvanına kəskin ittihamlar yazıb.