Günvurmanın qurbanları-Statistika

4 İyun 2015 11:54 (UTC+04:00)

Havalar isinəndən Bakıda iki günvurma hadisəsi qeydə alınıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın (BŞTTTYS) baş həkiminin operativ işlər üzrə müavini Oqtay Şahmalıyevin Movqe.az-a verdiyi məlumata görə,  son günlər havaların isti keçməsi nəticəsində BŞTTTYS-ə günvurma diaqnozu ilə iki nəfər müraciət edib: "Həmin xəstələrə dərhal tibbi yardım göstərilərək xəstəxanaya yerləşdiriliblər".

O. Şahmalıyev havalar isti keçəndən indiyədək günvurma qurbanlarının sayının hələki ikini keçmədiyini söylədi. Bununla belə stansiyanın baş həkiminin müavini əhalini isti havalarda ehtiyatlı olmağa, xüsusilə yaşlı insanların və azyaşlı uşaqların bu cür hava şəraitində açıq havaya çıxmamasının məsləhət olduğunu bildirib:"Artıq yay fəsli olduğundan insanlar günvurmanın qurbanı olmamaq üçün hava şəraitinə uyğun geyinməli, qidalanmalı, gəzintiyə çıxmalıdırlar. Biz məsləhət görürük ki, insanlar səhər saat 11:00-dan axşam saat 18:00-a dək açıq havada gəzməkdən mümkün qədər çəkinsinlər. Eyni zamanda geyimlərində ağ paltarlara, ağ baş örtüklərinə üstünlük versinlər. Bundan əlavə günvurmanın əsas amillərindən olan bədəndə su balansını qoruyub saxlasınlar. Məlumdur ki, günvurmanın əsas səbəbi kimi bədəndə mayenin itirilməsi göstərilir. Ona görə də, isti hava şəraitində gün ərzində ən azı iki-üç litr maye qəbul etsinlər. Qidalarından isə ağır yeməkləri çıxardıb daha çox ağartı, meyvə, tərəvəz məhsullarına üstünlük versinlər".

O. Şahmalıyev isti havalarda çimərliyə üz tutanları da ehtiyatlı olmağa çağırdı: "Bəzən insanlar elə bilirlər ki, suda onları gün vura bilməz. Amma əksinə, süda günvurma daha tez baş verir. Ona görə də,  səhər saat 11:00-dan axşam saat 18:00-a dək dənizdə çimməkdən çəkinmək məsləhətdir. Azyaşlı uşaqlar və yaşlı insanlar günvurmaya daha həssas olduqlarından bu saatlarda onların çimərliyə üz tutması qəti məsləhət deyil.

O. Şahmalıyev bildirib ki,  günvurma çox vaxt ürək bulanma, qusma, başgicəllənməsi, baş ağrısı, rəngin avazıması ilə müşayət olunur: " Bu zaman gün vuran insan hətta huşunu da itirə bilər. Belə halda xəstə dərhal sərin, kölgəli məkana keçirilməli, ürəkbulanma varsa başı yana çevrilməlidir ki, qusma kütlələri tənəffüs yolunu tutmasın. Bədəni buzlu su ilə silməklə yanaşı, damarların bud arteriyalarının üzərinə, qoltuq altına, boyuna buz qoyula bilər. Həkimin sözlərinə görə, günvurma ölümlə də nəticələnə bilər.  Əgər xəstə hipertonikdirsə,  günün altında qalmağın nəticəsində beyinə qansızma baş verə bilər.  Günvurmadan ürəyi zəif olan insanların infarkt keçirməsi də mümkündür". 

O. Şahmalıyev Təcili və Təxirəsalınmaz Tibbi Yardım Briqadalarının artıq çimərliklərə təhkim olunduğunu,  səhər saat 8:00-dan axşam saat 19:00-a dək növbəlilik rejimində çalışdıqlarını söyləyib.