Azərbaycan dini məsələlərdə də ikili standartla üzləşir

5 İyun 2015 07:00 (UTC+04:00)

Azərbaycanda qanunla qadağan edilməyən bütün dünlərin və dini cərəyanların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkəmizdə heç bir dini qrupa qarşı hər hansısa təzyiq yoxdur. Lakin təəssüf ki, bir sıra hallarda bəzi qüvvələr tərəfindən dini radikalizmin yayılmasına da cəhdlər edilir. Bununla onlar dini dəyərlərin əsl mahiyyətini gözdən salmaq istəyirlər.

Qərb ölkələrində dini radikalizm və dini ekstremizmi yayan cərəyanlar, qrupların fəaliyyəti qadağan edilir, onlara qarşı qanun çərçivəsində addımlar atılır. Ölkəmizdə də analoji vəziyyət hökm sürür. Lakin buna baxmayaraq, öz ölkələrində radikal ekstremist dini qrupların fəaliyyətinə qadağa qoyan Qərb, anoloji addımı Azərbaycan tərəfi atdıqda, bu hərəkəti dini cərəyanlara təzyiq kimi qiymətləndirirlər. Məsələn, ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının illik hesabatında bu məsələ ətrafında Azərbaycanla bağlı yer alan məlumatlar tam olaraq qərəzlidir.

Məsələ ilə bağlı millət vəkili Çingiz Qənizadə bildirdi ki, Azərbaycanın müstəqil siyasət yürütməsi Qərbdəki bəzi dairələri qıcıqlandırdığından, onlar bütün vasitələr, o cümlədən dini məsələlərlə bağlı olaraq da ölkəmizə qarşı qara yaxmaqla məşğuldurlar: "Qərb ölkəmiz əleyhinə tutarlı bir arqument tapmayan kimi dərhal Azərbaycanda guya dini tolerantlığın olmaması, dini ayrı-seçkiliklə bağlı məsələləri qabardır. Bu məsələlər o qədər həssasdır ki, onun qızışdırılması, Qərb tərəfindən həmin istiqamətdə təbliğ edilməsi ölkəmizdə sabitliyin olmamasını istəyən qüvvələrin işidir. Qərb Yaxın Şərqdəki bütün problemləri dinlə bağlayır, milli ayrı-seçkilik salır, sünni-şiə, türk-kürd, türkman-ərəb savaşını qızışdırır. Onlar Azərbaycanda da zaman-zaman belə məqamları qaldırmağa cəhd edib. Hər dəfə onlardan ölkəmizdə guya dini cərəyanların sıxışdırıldığı haqqında fakt təqdim olunmasını tələb etdikdə, dedikləri sadəcə, söz-söhbətlərdən o yana keçmir. Yəni, fakt təqdim edə bilmirlər. Onların bu hərəkətləri ölkəmizə qarşı Qərbin ikili deyil, bəlkə də çoxüzlü siyasətlərinin tərkib hissəsidir. Onların bu kimi addımları birinci dəfə də deyil. Zaman-zaman bu cür çirkin məqamlara əl atıb və atırlar. Bu hərəkətlərində Qərbin yeganə məqsədi odur ki, iqtisadi və siyasi cəhətdən güclü olan, ictimai-siyasi sabitliyin olduğu bir dövlət olaraq Azərbaycan onlardan asılı vəziyyətə düşsün, müstəqil siyasət yürüdə bilməsin. Ölkəmizin müstəqil fəaliyyət göstərməsini Qərb arzulamır, onların arzusu Azərbaycanın vassal ölkəyə çevrilməsinə nail olmaqdır. Qərb Gürcüstan və Ermənistanda öz niyyətlərini həyata keçirməyə nail olub, bu səbəbdən də həmin ölkələr müstəqil siyasət yürüdə bilmirlər. Azərbayan isə bu mənada istisnadır. Ona görə Qərb bütün gücü ilə Azərbaycanda problem axtarmağa çalışır. Amma Azərbaycan dini baxımdan da dünyanın ən tolerant ölkələrindən biridir. Lakin İslam və digər dinlər adı altında fəaliyyət göstərən, insanlığa yad mövqedən çıxış edən, müharibəni təbliğ edən radikal cərəyanlar ölkəmizdə haqlı olaraq qadağan edilib. Onlara qarşı mübarizə aparılıb və aparılacaq".

Millət vəkili Gövhər Baxşəliyeva qeyd etdi ki, Qərbin dini məsələlərlə bağlı olaraq da Azərbaycana münasibətdə sərgilədiyi qərəzli siyasəti ölkəmizdə qarışıqlıq yaratmağa hesablanmış addımdır: "Qərbin Azərbaycana qarşı ikili standartlara söykənən münasibəti ölkəmizdə yalnız və yalnız qarışıqlıq yaratmaq cəhdlərinə əsaslanır. Onlar istənilən yolla, istənilən ittihamlarla Azərbaycan dövləti, onun xalqına qarşı bu kimi əsassız iddialarla çıxır edirlər ki, ölkə daxilində hansısa bir çaxnaşmaya, qeyri-sabitliyə nail olsunlar. Qərb Azərbaycanda hər cür, o cümlədən dini qarışıqlıq yaratmaqla, özləri üçün dividend qazanmağa çalışır. Qərb dairələri ölkəmizdə din sahəsində həyata keçirilən islahatlara qarşıdırsa, dindarların hansısa hüquqlarının pozulduğunu iddia edirlərsə, deməli, onlar ya reallıqları görmür, ya da görmək istəmirlər. Azərbaycan mürəkkəb bir məkanda yerləşir. Azərbaycan böyük Şərq və müsəlman aləminin bir hissəsidir. Xalqımızın əksər hissəsi müsəlmandır və ənənəvi olaraq İslama bağlılığı var. Xüsusən də sərhədlər açılandan sonra get-gəl artıb. Belədə insanlar istər-istəməz təsir altına düşür. Həmin təsirləri gətirib ölkəmizə tətbiq etməklə hara gedib çıxacağıq? Hazırda bir neçə azərbaycanlı ərəb radikallarının təbliğatına uyaraq Suriyaya vuruşmağa gedib. Ölkəmizdə onlar qanuna müvafiq olaraq cəzalandırılırlar. Bu da atılan doğru addımdır, qanunu pozanlara qarşı mübarizədə başqa yol da yoxdur. Heç bir xarici dairələrin bəyanatlarına məhəl qoymadan, istənilən vasitə ilə Azərbaycan xalqının mənafeyini ümdə götürərək, ölkəmizdə hökm sürən sabitliyi qorumalıyıq. Çünki həmin sabitlik əsasında dövlətimizin, xalqımızın gələcəyi qurulur. Qarabağa gedən yol da ölkədə mövcud olan iqtisadi, siyasi, dini sabitlikdən keçir".