Qarabağ erməniləri Bakıdan uçmaq icazəsi gözləyir

6 İyun 2015 00:00 (UTC+04:00)

Movqe.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında qondarma "DQR" "hökuməti" yanında "mülki aviasiya idarəsinin rəisi" Dmitri Adbaşyan bildirib.

D.Adbaşyan deyib ki, "əgər Azərbaycan tərəfi erməni xalqına xoş münasibət göstərsə, aeroport "Dağlıq Qarabağ Respublikası"nın tanınmayacağı halda da fəaliyyətə başlaya bilər".

"Onlar (Azərbaycan-red.) bizim mülki təyyarələrə müəyyən məhdudiyyətlərlə uçmağa icazə verə bilərlər. Məsələn, Şimali Kipr tanınmır, amma Türkiyə vasitəsilə Kiprə uçuşlar var. Kiprlilər hara istəsələr, gedə bilirlər. Bizim isə heç İrəvana uçmaq hüququmuz da yoxdur. Yenə deyirəm, bizim uçmaq azadlığımız Azərbaycandan asılıdır. Əgər Azərbaycan xoş məram göstərsə, uça bilərik. Azərbaycan isə bunu etmir" - deyə D.Adbaşyan əlavə edib.