Könüllü tibbi sığortada əsas problemlər açıqlandı

7 İyun 2015 12:30 (UTC+04:00)

Məlumdur ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi üçün ciddi işlər gedir. Buna rəğmən, hazırda könüllü tibbi sığortalanan vətəndaşlarımız da var. Ancaq maraqlısı budur ki, insanlar arasında könüllü sığortaya meyl edənlər çox deyil. Bunu könüllü sığortanın bütün növlərində müşahidə etmək olar. Halbuki, xüsusən Qərb dünyasında insanlar icbari tibbi sığorta ilə yanaşı könüllü tibbi sığortaya da kifayət qədər çox meyl edirlər.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov könüllü sığortalar içində ən ürəkaçan vəziyyətin  məhz elə tibbi sığortada olduğunu deyir: "Könüllü tibbi sığorta həm ödənişlərinə, həm də yığımlarına görə ilk sıradadır. Könüllü yığımların üçdə birindən çoxu tibbi sığortanın payına düşür. Yəni, könüllü sığortanın digər növlərinə baxdıqda tibbi sığorta normal işləyir. Amma könüllü sığortanın bütün sahələrində könüllülük istədiyimiz səviyyədə deyil. Buna da səbəb sığorta sisteminin ölkəmizdə yeni fəaliyyətə başlamasıdır".

Orxan Bayramov hesab edir ki, ümumiyyətlə sığorta sisteminin arzuedilən səviyyədə fəaliyyət göstərməsi üçün görüləcək iş maarifləndirmədir: "Bu da həyata keçirilir. Xüsusən gənc kontingentlə aktiv işlər aparılmalıdır. Onlara sığortanın faydaları başa salınmalıdır".

Sığorta məsələlər üzrə digər ekspert Xəyal Məmmədxanlı da könüllü sığortalar arasında daha çox marağın elə tibbi sığortaya olduğunu dedi: "Ancaq problem ondan ibarətdir ki, burada kütləvi şəkildə sığortalanma olmur. Sığorta şirkətləri bunun riskinin böyük olduğunu hesab edirlər. Sığorta şirkətləri fərdi qayda da tibbi sığorta aparmağa meylli deyillər. Sığorta şirkətləri tibbi sığortanı şirkətlərdə əsasən kollektiv şəkildə aparmağa üstünlük verirlər.  Amma insanların çoxunun tibbi sığortada marağı var. Sadəcə, sığorta şirkətləri bu gün Azərbaycan reallığında könüllü tibbi sığorta olunmaq istəyənin ya o cərrahi əməliyyata getdiyi, ya da onu böyük tibbi xərc gözlədiyini düşünür. Risk baxımından buna görə ehtiyat edirlər. Çünki, sığorta "böyük rəqəmlər" qanunu ilə işləyir. Sığortalananların sayı nə qədər çox olursa, onun sığortalanması o qədər daha rahat olur. Çünki, çoxsaylı rezidentlərin sığortalnması ilə gəlir əldə olunur. Tək-tək sığortalanmaya sığorta şirkətləri razılıq vermir. Çünki, bu zaman onlar zərərlə işləyirlər. Digər tərəfdən, könüllü şəkildə müraciət olunursa, riski qiymətləndirmək üçün vətəndaş müayinə edilməlidir. Vətəndaşın sığortadan əvvəl tibbi müayinəsi isə çox xərc tələb edir. Ona görə də bütün bunları nəzərə alaraq fərdi tibbi sığortanın qiyməti kollektiv sığortadan 2 dəfəyə qədər baha olur. Yəni, könüllü tibbi sığorta ilə bağlı kütləvi müraciət olmadığına görə, sığorta şirkətləri fərdi müraciətlərdən yayınmağa çalışırlar. Ancaq ayrılıqda hər biri könülü tibbi sığorta istəyir. Bu, mexanizm halına salınmadığından suallar yarımçıq qalıb".