Məlumdur ki, Avropa Oyunları ərəfəsində bir sıra xarici dairələr ölkəmiz əleyhinə qərəzli mövqe sərgilədi. Həmin dairələrə radikal müxalifət də dəstək verməkdədir. Müsavat Partiyasının I Avropa Oyunlarını boykota çağıran bəyanatı isə iqtidarla yanaşı, müxalif cəbhədən də etirazla qarşılanıb. Görünən budur ki, adıçəkilən partiya yarışın ictimai çəkisini hələ də başa düşməyib.
Millət vəkili Zahid Oruc bildirir ki, bu çağırışları Azərbaycanın tanınmasına qarşı mövqe kimi dəyərləndiririk: "Onlar bilirlər k, bu tədbirlər üzərindən Azərbaycan özünü dövlət kimi möhkəmləndirəcək, siyasi hakimiyyət özünün əlaqələrini genişləndirəcək, dayanıqlığını artıracaq, ölkənin maraqlarını irəlilətmək imkanları qazanacaq. Görünür ki, bunlar da həmin dairələr üçün yararlı sayılmır. Soçi Olimpiyadası öncəsi Rusiya əleyhinə aparılan təbliğatlardan biri o idi ki, bu tədbirlədən sonra hakimiyyətin mövqeyi möhkəmlənəcəkdi. Eyni siyasəti Azərbaycana qarşı da yönəltmək istəyirlər. Bilirlər ki, bütün bu tədbirləri həyata keçirən cənab İlham Əliyev, onun xarizması, liderliyidir. Çətin şəraitdə milli gücü formalaşdıran, ən ağır zamanlarda zərbələri üzərinə götürən bir şəxsiyyətdir. Bu tədbirlər fonunda Azərbaycanın qazanacağı naliyyətlər xalqımızla bərabər liderin uğuru kimi də yazılacaq. Bunlar boykot çağırışçılarının istəkləri ilə uyğun gəlmir. Onlar bilirlər ki, Azərbaycan hakimiyyəti parlament seçkilərinnə, eyni zamanda gələcəkdə aparılacaq daxili islahatlara Avropa Oyunlarının uğurlarının ab-havası ilə gedəcək. Bunlar da istənilmir.
Onsuz da onlar yaxşı bilirlər ki, boykotun medianın yazmasından o yana heç bir ictimai, siyasi, beynəlxalq effekti yoxdur. Kim bu çağırışları eşidib, özünü tədbirlərdən kənar saxlayacaq? Hansı ölkə öz idmançılarını bu tədbirdən kənar tutacaq? Yaxud da açılış və bağlanma mərasiminin bütün biletləri satılıb. Deməli, çağırış baş tutmayıb".
Millət vəkili əlavə etdi ki, onlar müxalif cinahda qüvvələrin bölündüyünü anlayıblar: "Xüsusi ilə də Müsavat Partiyasının Milli Şuradan çıxması o deməkdir ki, orada parçalanma artıq rəsmiləşib. Bununla bərabər, etiraf etmək lazımdır ki, sosial, məişət zəmində, mülki problemler fonunda ölkə daxilində hakimiyyətin siyasətini qəbul etməyən insanlar da var. Onlar düşünürlər ki, məişət zəminində narazılıqlarının başlıca səbəbi Avropa Oyunlarıdır. Yaxud xərclər hissəsinə ilişib oradan hökuməti qınayan, iqtidarın üzərinə gedənləri öz çevrələrində saxlaya bilərlər. Bununla da özlərinə bir elektorat düzəldirlər. Bunlar sadəcə anti-Avropa Oyunları qüvvələridir. Hətta respondent sorğusu edilsə belə, görünəcək ki, belə çağırışdan əhalinin xəbəri yoxdur. Olsa da belə, onlar özələrini ekran, yarışa baxmaqdan kənarda tutmayacaqlar".
Millət vəkili əlavə etdi ki, əslində, bu, milli Azərbaycan davasıdır: "Bu yarışlar mahiyyətcə Qarabağ uğrunda savaşın tərkib hissəsidir. Torpaqların bütövlüyü uğrunda mübarizə təkcə səngərdən keçmir. Hər kəs özünün peşə fəaliyyətində Qarabağa xidmət edir və etməlidir. Bu yarış bizə əlavə cəbhə verir. Ərazilərin bütövlüyü istiqamətində təbliğat, tanıtım edə biləcəyik. Belə yarışlar Ermənistanda keçirilsə idi, bir çoxlarının ah-naləsi ətrafı bürümüşdü. Amma bilirik ki, erməniçilik, məlum izolyasiya siyasəti, parçalanmaya xidmət edən və s.-lər fonunda Ermənistan belə mötəbər tədbirlərin ünvanı ola bilməz. Erməniçilik dağıdıçılığa xidmət edir. Azərbaycan isə birləşdiriciliyi, sülhü təbliğ edir. Bunları necə boykot etmək olar?!"