Avropa Parlamentinin bitməyən qərəzi

9 İyun 2015 10:00 (UTC+04:00)

Qərbdə müəyyən dairələrin  Azərbaycana qarşı təxribat kampaniyası davam edir. Bu xüsusda Avropa Parlamenti daha çox can-fəşanlıq edir. Bir müddət öncə bu qurum ölkəmizlə bağlı dinləmələr keçirərək, Azərbaycana qarşı bir sıra yersiz və əsası olmayan iddialar səsləndirib. Təşkilat  bir müddət öncə qondarma "erməni soyqırımı"nı tanımaqla Türkiyə əleyhinə fəaliyyətdə də bulunmuşdu. 

Anti-türk fəaliyyətini davam etdirən Avropa Parlamentində yenə də Azərbaycanla bağlı dinləmələr keçiriləcəyiən dair məlumatlar yayılmaqdadır. Özü də ilk Avropa Oyunlarına çox az zamanqaldığı bir vaxtda.  Avropa Parlamentinin ölkəmizə münasibətdə sərgilədiyi qərəzli münasibətin səbəbi barədə politoloq Elman Nəsirov bildirdi ki, Qərbdəki bəzi qurumlar ölkəmizdə idarə olunan xaos vəziyyəti yaratmağa çalışırlar: "Azərbaycan bildiyimiz kmi, Avropa tarixində ilk dəfə olaraq I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu da çox nəhəg bir idman yarışı olacaq. Həmişə belə nəhəng tədbirlər ərəfəsində Azərbaycana qarşı kəskin təzyiqlərin baş verdiyinin şahidi olmuşuq. 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı yarışması ərəfəsində də Qərbdən gələn anoloji dəst-xəttin şahidi olduq. Ölkəmizə qarşı yönələn bu təzyiqlər bir neçə istiqamətdən gəlir. Bu təzyiqlər Avropada olan bir sıra  beynəlxalq təşkilatlar,  beynəlxalq qeyri-hökumət təşkilatları, dünyadakı erməni lobbisi və diasporu, ayrı-ayrı dövlətlərdən, daxində sapı özümüzdən olan baltalardan gələn təzyiqlərdir. Onlar hamısı bir neçə mərkəzdən idarə olunur. Avropa qurumları, xüsusən də Avropa Parlamenti bu istiqamətdə daha aktiv fəallıq nümayiş etdirir. Bu ilin mayın 12-də Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr keçirildi. Bu müzakirələrdə də birbaşa olaraq Azərbaycana təzyiq öz əksini tapmışdı. Bu tədbirin iştirakçıları Qərb ölkələri rəsmilərinə müraciət edirdilər ki, I Avropa Oyunlarının açılış mərasiminə onlar qatılmasınlar. Belə bir tendensiyanın şahidi olduq. İyunun 10-da onlar növbəti dəfə ölkəmizlə bağlı dinləmələr keçirib, Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyətin guya pis olmasına öz etirazlarını bildirəcəklər.  Amma hər kəsə gün kimi aydındır ki, bu hərəkətləri birbaşa olaraq onların siyasi təzyiqindən başqa bir şey deyil. Əslində, onları Azərbaycandakı insan hüquq və azadlıqlar məsələsi elə də maraqlandırmır. Onlar üçün ən vacibi Azərbaycana təzyiq etmələri, onu müstəqil siyasət yolundan döndərməyə, ölkəmizin diktə altında fəaliyyət göstərən dövlət olmasına nail olmaqdır. Çünki, Azərbaycanın hazırkı müstəqil siyasəti heç bir halda Qərbin maraqlarına cavab vermir. Bu təzyiqlərdən danışarkən onu 3 mərhələdə nəzərdən keçirə bilərik. Birinci mərhələ iyun ayının 12-nə kimi olan təzyiqlərdir. Təzyiqlərin ikinci mərhələsi, iyunun 12-dən 28-ə qədər olan müddətdə, yəni Avropa Oyunlarının keçirildiyi günlərdə olacaq. Bu xüsusda qeyd edərdim ki, iyunun 22-dən 26-dək AŞ PA-nın sessiyası olacaq. Bu sessiya çərçivəsində Azərbaycanda insan haqları sahəsində vəziyyətlə bağlı Polşa və İspaniyadan olan məruzəçinin ölkəmiz əleyhinə qətnamə layihəsi hazırladığı da bəllidir. Yəni, Oyunların getdiyi ərəfədə AŞ PA çərçivəsində də ölkəmizə qarşı qərəz kampaniyası aparılacaq. Üçüncü mərhələyə isə Oyunlar başa çatdıqdan sonra start veriləcək. Bu dövrdə ölkəmizə qarşı təzyiqlərin növbəti mərhələsinin başlanacağı proqnozlaşdırılır. Bu zaman onlar yarışlar dönəmində Azərbaycana gələn jurnalistlərdən istifadə etməyə çalışacaqlar. Həmin ərəfədə ölkəmizə gələcək 1500 jurnalistin təbii ki, müəyyən hissəsi həmin o qüvvələrin mənafeyinə xidmət edən yazılar da yaza bilərlər. Bu halda həmin qondarma yazılara istinad etməklə, Azərbaycan əleyhinə yeni qərəz kampaniyasına start verə bilərlər. Bu tendensiyaları indidən gözləmək mümkündür. Amma bu addımların heç bir real nəticəsi, təsiri olmayacaq. Çünki, Azərbaycan belə eksperimentlər keçirmək üçün münasib yer deyil. Bu eksperimentləri Azərbaycan üzərində keçən əsrin 90-cı illərin əvvəllərində keçiriblər. Azərbaycanda hazırda siyasi sabitlik var, xalqla Prezident birdir, xalq öz Prezidentini müdafiə edir, Prezident xalqın mənafeyindən çıxış edən siyasət həyata keçirir. Qərb isə ölkəmizdə xaos yaratmağa çalışır. Lakin Qərbin Azərbaycanda idarə olunan xaos yaratmaq cəhdlərinin heç bir real nəticəsi olmayacaq. Bu, hər kəsə bəllidir. Belə olan halda onlar isterik duruma düşürlər. Bu addımları son nəticədə bumeranq effektinə səbəb olur və öz ölkələrinin xarici siyasət sferasında müəyyən problemlərin yaranmasına şərait yaradır". 

Millət vəkili Azay Quliyev ölkəmizə qarşı yönəlik qərəzin əsasında Avropanın simasızlığının dayandığını düşünür: "Avropa Parlamentində Azərbaycanla bağlı qərəzli dinləmələrin əsasında ölkəmizin  apardığı müstəqil siyasət, milli maraqlara uyğun fəaliyyət, ilk Avropa Oyunlarına ev sahibliyi etməsi, onun geosiyasi mövqeyi, onların siyasətinə tabe olmaması  dayanır. Bu addımlarla onlar Azərbaycandan qisas alır, acıq çıxırlar. Azərbaycan Avropa İttifaqının "Şərq əməkdaşlığı" proqramından ayrıldığından hədəf götürülür, yeri gəldi-gəlmədi gülməli ittihamlarla tənqidə məruz qalır. Bunun bir adı var: Avropa Parlamentindəki qurumlar açıq şəkildə özlərinin simasızlığı və dəyərsizliyini, ümumi, universal dəyərlərə yox, şəxsi siyasi maraqlara xidmət etdiklərini sübut etmiş olurlar. Buna da fikir vermək lazım deyil. Bu, artıq Avropanın öz simasıdır".