Aqrar sektorda ixtisaslaşma dövrü başlanılır

9 İyun 2015 10:30 (UTC+04:00)

Aqrar sahədə indi xüsusi diqqət mərkəzində olan məsələlərdən biri də rayonların kənd təsərüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmamasıdır. Mütəxəssislər hesab edir ki, regionların məhsul istehsalı üzrə ixtisaslaşması ilə ciddi nəticələr əldə edilə bilər. Elə bunu əsas götürən Kənd Təsərüfatı Nazirliyi artıq hərəkətə keçib. Müvafiq  proqrama əsasən, bundan sonra kənd təsərrüfatı siyasəti regionlar üzrə ixtisaslaşma aparmaqla həyata keçiriləcək.

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov qeyd etdi ki, ixtisaslaşmanın məhsul istehsalının artımında mühüm əhəmiyyəti vardır: "Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşması prosesi keçən əsrin 70-80-cı illərində başlanılıb və başa çatdırılıb. Bu ixtisaslaşmanın mahiyyəti nədən ibarət idi? Aran rayonunun suvarılan torpaqlarında pambıqçılıq təsərrüfatı yerləşirdi.  Dağ və dağətəyi bölgələrdə əsasən üzümçülük inkişaf etdirilirdi. Cənub və şimal zonasında isə tərəvəzçiliyə geniş yer verilmişdi. Bundan başqa, şimal zonası rayonlarında, xüsusilə Xaçmaz, Qusar və Qubada meyvəçiliyin inkişafına da böyük önəm verilirdi. Bu sahə üzrə orada qədim, zəngin ənənə var idi.

Hazırda söhbət ondan gedir ki, kənd təsərrüfatı sahələri intensiv inkişaf etdirilsin. Bu da tamamilə başqa  məsələdir. Taxılçılıqla bağlı olaraq hazırda Ağcəbədi və Beyləqan rayonlarında 5 min hektar sahədə taxıl əkilir. Orada hər hektardan 50 sentner buğda götürülür. Yəni,  bu təcrübədən ölkənin başqa rayonlarında da geniş istifadə edilməlidir. Mil-Muğan zonasında, Şirvanda yaxşı melorativ tədbirlər görülməli, mütərəqqi texnologiyalar tətbiq oluynmalı, yüksək məhsul verən buğda sortları əkilməli və taxılın məhsuldarlığı artırılmalıdır. Bundan başqa, 1963-1964-cü ildən başlayaraq cənub zonasında, Astara, Masallı, Lənkəranda tərəvəzçilik inkişaf etdirilirdi. Bu zona həmin məhsul istehsalı üzrə ixtisaslaşmışdı.  Burada məqsəd o idi ki, həmin zonada əhali çox olduğundan, onların məşğulluğu təmin olunsun. Ona görə də həmin zonada tərəvəzçiliyin inkişafına xüsusi diqqət verilmişdi. Eyni zamanda, burada istehsal olunan tərəvəz Ukrayna, Pribaltika, Belarus və Rusiyaya göndərilirdi. Bu gün isə həmin zonada demək olar ki, tərəvəz yetişdirilmir. Cənub zonasında kooperativlər  yaratmaqla tərəvəz istehsalını artırmaq hesabına insanların işlə təmin olunmasını təmin etmək mümkündür.

Ölkəmizdə pambıq istehsalı ildən-ilə azalır. Bu işə diqqət  yetirilmir. Ağcəbədi rayonunun Qaravəlli kəndi vaxtilə böyük pambıqçılıq təsərrüfatı idi. İndi isə buradakı insanların əksəriyyəti Rusiyadadır. Burada pambıq əkilsə, insanlar da öz torpağında qalıb, işləyər. Ölkədə hamı hansı bölgədə nə əkilməli və becərilməli olduğunu onsuz da gözəl bilir.  Bu,  illərin sınağından keçən bir metoddur. Sadəcə, sahəyə diqqət yetirilməlidir.

Vaxtilə respublikada 2,1 milyon ton üzüm istehsal olunurdu.  İndi isə bu rəqəmə çatmağa hələ çox var. Onun inkişafı üçün kifayət qədər vəsait ayrılmalı və insanların diqqəti ona yönəldilməlidir. Ölkənin kənd təsərrüfatı artıq ixtisaslaşıb. Hamı bilir ki, hansı təsərrüfatda, hansı bölgədə hansı bitki daha çox məhsul verir. Heyvandarlıq sahəsi də ixtisaslaşıb. Bakı və Bakı ətrafı rayonlarda südçülük, dağ və dağ ətəyi zonada isə ətlik və südlük maldarlıq yerləşdirilib. Qoyunçuluq da əsasən dağ və dağ ətəyi zonalarda inkişaf etdirilib. Bu ənənə davam etdirilməlidir".