Jerar Departye Azərbaycana gəlib
11 Sentyabr 2012 20:52 (UTC+04:00)
Fransanın dünyaca məşhur aktyoru
Jerar Departye Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm
Nazirliyinin sektor müdiri Yusif Şeyxov APA-ya bildirib ki, məşhur aktyorun
ölkəmizə səfəri film çəkilişi ilə bağlıdır. Fransa kino xadimləri
tərəfindən "Aleksandr Duma Azərbaycanda" sənədli filminin
çəkilişləri aparılır və Jerar Departye bu filmdə fransız aktyoru
olaraq özünü oynayır. Filmin çəkilişləri Bakı ilə yanaşı,
Azərbaycanın regionlarında da aparılacaq. Filmin çəkilişləri
Aleksandr Dumanın Azərbaycandakı marşrutu üzrə həyata keçiriləcək.
Səfər çərçivəsində fransız aktyorun bir sıra görüşlərinin
keçiriləcəyi nəzərdə tutulur.
Jerar Departyenin də daxil olduğu filmin yaradıcı heyətinin
Azərbaycana səfəri sentyabrın 15-də yekunlaşacaq. Həmin gün
aktyorun və Fransadan gələn heyətin mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur.
Bu gün filmin çəkilişləri Bakı Caz Mərkəzində baş tutub. Filmin
çəkiliş prosesində Azərbaycanın gənc cazmeni, əməkdar artist Emil
Əfrasiyab da iştirak edib. Həmyerlimizin ifası fransız aktyorunun
marağına səbəb olub və aktyor azərbaycanlı musiqiçiyə film üçün
musiqi yazmağı təklif edib.