Ədliyyə Nazirliyinin idarə rəisi: “Soyadların dəyişdirilməsi sahəsində məhdudiyyət yoxdur"

9 İyun 2015 18:40 (UTC+04:00)

"2011-ci ildə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib. Bununla da soyadların dəyişdirilməsində mövcud olmuş məhdudiyyətlər aradan qaldırılıb".

Movqe.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov deyib.

İ. Məmmədov bildirib ki, hazırda Azərbaycanda adlarla bağlı yeganə məhdudiyyət yeni doğulmuş uşaqlara verilən adlarla bağlıdır: "Bu məhdudiyyət ondan ibarətdir ki, gülüş doğuran adlar , gələcəkdə uşaqların mənafeyinə xələl gətirən adlar uşaqlara qoyulmasın" .

İ. Məmmədov qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu tərəfindən adlar toplusu hazırlanıb və həmin toplu Ədliyyə Nazirliyinin saytında yerləşdirilib: "İstənilən şəxs orada adların mənasını, statistikasını öyrənə bilər. İstənilən adın son bir ildə və yaxud beş ildə neçə nəfərə qoyulduğunu öyrənmək mümkündür. Həmin toplu vətəndaşlar tərəfindən geniş istifadə olunur" .

İdarə rəisinin sözlərinə görə, valideynlər daha çox öz soyadlarını övladlarına verən zaman sonluğunu dəyişdirməyə üstünlük verirlər: "Məsələn, əgər soyad "ov" və yaxud "yev" sonluğu ilə bitirsə, onu lı, li, lu, lü, zadə ilə dəyişdirməyə və ya sonluqsuz istifadəyə üstünlük verilir".