Uşağını dayəyə etibar edən anaların nəzərinə!

10 İyun 2015 17:20 (UTC+04:00)

Elə bir zəmanəyə gəlib çıxmışıq ki, indi analar övladının qulluğunda durub onu tərbiyə edən, dayəlik xidməti göstərənləri əl-əl axtarırlar. İş o yerə çatıb ki, valideynlər bu xidmətin qarşılığında yüksək əmək haqqı tələb edənlərin hər "nazı" ilə oynamağa da hazır olurlar. Məsələn, qonşuluqda dayə kimi çalışan xanımla söhbət zamanı öyrəndim ki, dayəlik etdiyi uşağın valideyni ona əmək haqqından əlavə aylıq 30 manat yol pulu da verir. Əgər ana evə saat 10-dan gec gəlirsə, dayə ondan taksi pulu da alır. Amma söhbətləşdiyim dayə onun kaprizlərinin bunlarla bitmədiyini də  söyləyir. Onun sözlərinə görə, uşağına hər gün şirniyatlar və oyuncaqlar alan ana ən azı dayənin əl çantasına nəvəsi üçün də şirniyat qoymalıdır: "Mən də nəvəmin yanına gedirəm. Əlimə baxır. Ona görə demişəm ki, bir-iki şirniyat da mənim nəvəm üçün al". 

Həmsöhbət olduğum bu xanım bayramlarda da dayəlik etdiyi uşağın anasının  onu hədiyyəsiz evə yola salmadığını deyir. Onun sözlərinə görə, bütün bunlar,  dayəlik etdiyi üçün aldığı aylıq 400 manat əmək haqqına əlavədir. Bəli, təxminən ali təhsilli  qadınların qazancı qədər aylıq əmək haqqı tələb edən dayələr, göstərdikləri xidmət müqabilində göründüyü kimi az maaş almırlar. Əldə etdiyimiz məlumatlara görə, gecə saatlarında dayə kimi çalışanların aylıq əmək haqqı 600 manatdan az deyil. Məlumdur ki, əslində ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğruna işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara, çox zaman isə dayələrə etibar edilir. Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan, səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirdilməsi, yuxu zamanı yatırdılması ana üçün dayə qarşısında qoyduğu vacib tələblərdir. Baxmayaraq ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir. Təbii ki, dayələr ananın verdiyi sevgini dayəlik etdikləri uşağa verə bilməsələr də, işləyən analar dayələrlə hesablaşmaq məcburiyyətində qalırlar. Nəticə isə çox vaxt ürəkaçan olmur. Bir də görürsən ki, inanaraq ürək qızdırıb uşağını etibar etdiyin dayə qadın, uşağa fiziki zorakılıq göstərir. Bu cür faktlar kifayət qədərdir. Bütün bunlara rəğmən hazırda dayəlik əmək bazarında ən çox tələbatın olduğu xidmətlərdən sayılır. Bunu Movqe.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov da təsdiqləyir. Ş. Xələfov deyir ki, bu gün dayə əmək bazarında daha çox tələbat olan peşə olsa da, ixtisaslı dayə tapmaq müşkül məsələdir: "Xarici ölkələrdə də dayəyə tələbat böyükdür. Amma Avropada valideynlər hər qadını övladları üçün dayə seçmirlər. Onlar dayə kimi işə götürdükləri qadının fiziki baxımdan, əqli baxımdan sağlamlığına tam əmin olduqdan sonra onunla müqavilə bağlayırlar. Eyni zamanda xaricdə dayələrə müəyyən kurs keçdikdən sonra, əllərinə sertifikat aldıqdan sonra bu işlə məşğul olmağa icazə verilir. Həmin kurslarda dayələrə uşaqla davranış qaydaları, müəyyən biliklər aşılanır".

Ş. Xələfov deyir ki, orta məktəbi bitirən hər qadın dayə ola bilməz. Elə qızlar var ki, orta məktəbi iki ilə başa vurur. Belələrinin uşağa verməyə təbii ki, müəyyən biliyi çatmayacaq. Ş. Xələfovun sözlərinə görə, Azərbaycanda da bu peşəyə tələbat artdığından bu cür kursların fəaliyyəti vacibdir. Ş. Xələfov təhlükəsizlik baxımından dayələrin müqavilə ilə işə götürülməsinin də vacib olduğunu deyir. Onun sözlərinə görə, belə halda dayələr həm də, dövlət büdcəsinə vergi ödəmiş olacaqlar: "Bu sahələrdə çalışan şəxslərin lisenziya almadan işləməsi təkcə dövlət büdcəsinə deyil, onların gələcəkdə pensiya təminatına da təsir edəcək. Öncə qeyd edim ki, qeydiyyata düşməyərək, əmək müqaviləsiz işləyən şəxslərin lisenziya almadan işləmələri, onların özünə zərər verir. Çünki onların əmək hüquqlarını qorumaq olmur. Amma problem təkcə bununla bitmir. Onlar sosial sığorta ödənişi etmədiklərindən, gələcəkdə yüksək həddə pensiya almaq şanslarını da itirirlər. Bu onların özünə dəyən zərərdir. Amma lisenziya almadan müxtəlif xidmət sahəsində çalışanların işsiz kimi qeydiyyata düşməsi, ölkədə real işsizliyin səviyyəsini dəqiq statistika ilə müəyyənləşdirməyə də çətinlik yaradır".

Ş. Xələfov deyir ki, amma müxtəlif xidmət sahələrində çalışanları birmənalı şəkildə lisenziyasız işləməkdə günahlandırmaq da düzgün deyil. Çünki, rəis müavini lisenziya alaraq işləməyin şərtlərinin həmin xidmət sahələrində çalışanların əmək haqqı ilə tərs-mütənasib olduğunu deyir: "Gəlin birmənalı şəkildə onları qınamayaq ki, niyə lisenziyasız fəaliyyət göstərirsiniz. Nəzərə almaq lazımdır ki, onlar lisensiya aldıqda fəaliyyətləri, gəlirləri ilə bağlı müəyyən hüquqi prosedurları həyata keçirməlidirlər. Dayə və gangüdənlər belə olan halda vaxtı-vaxtında gəlirləri ilə bağlı hesabat göndərməli, özlərinə mühasib tutmalıdırlar. İndi gəlin görək aya 350-400 manat maaşa işləyən dayənin mühasib tutmağa imkanı çatırmı? Təbii ki, verilən cavab "yox" olacaq. Məhz bu səbəbdən də biz sözügedən xidmət sahələrində çalışanların lisenziya şərtlərinin yumşaldılması ilə bağlı Milli Məclisə təkliflər vermişdik. Həmin təkliflərdə nəzərdə tutulurdu ki, həmin xidmət sahələrində çalışanların qeydiyyat məsələsi sadələşdirilsin. Biz təklif vermişdik ki, həmin şəxslər sadəcə hər ay aldıqları əmək haqqından müəyyən məbləğdə sosial sığorta ödəsinlər. Olardan rüblük, illik hesabat tələb edilməsin. Bu onların yaşlaşdıqda təminatlı pensiya almalarına, ölkədə işsizliyin real statistikasını çıxartmağa kömək olardı. Hazırki lisenziya şərtləri ilə hesabat tələbi bu xidmət sahələrində çalışanlara sərf etmədiyindən, onlar heç bir quruma işlədikləri barədə məlumat vermir, işsiz kimi qeydiyyatda qalırlar. Bu isə ünvanlı sosial yardımın ayrılması və təyinatında da çətinliklərə səbəb olur".  

Ekspertlər də dayələrin müqavilə ilə işə götürülməsinin vacib olduğunu söyləyirlər. Psixoloq Elnur rüstəmov deyir ki belə olan halda dayə də üzərində məsuliyyət hiss edəcək: "Ortada müqavilə olduqda hüquqi vəziyyət yaranır. Dayənin sabah uşağa psixi və fiziki təsir etdiyi təsdiqlənsə, həmin şəxsə cinayət işi açmaq da asan olur". Psixoloq ümumiyyətlə dayə seçərkən anaları ehtiyatlı olmağa çağırır: "Mütləq dayə qadın psixoloji tesdən keçməlidir. Bəlkə həmin qadın əsəbidir, bunu testlərlə üzə çıxartmaq mümkündür. Beləsi uşağın ağlamağından, adi hərəkətindən əsəbləşərək uşağa zərər yetirə bilər. Bundan əlavə dayə qadın ünsiyyətcil olmalı, uşaqla xoş rəftarı bacarmalıdır: "Dayənin susqun olması, ünsiyyəti sevməməsi uşağı özünəqapılmağa gətirib çıxarda bilər. Belə uşaqla az ünsiyyətdə olduqlarından gec danışa da bilərlər. Eyni zamanda ananın dayəni tapan kimi uşağı ona verib işə qaçması doğru hal deyil. Mütləq ən azı iki həftə ana dayənin uşaqla rəftarına diqqət yetirməli, uşağa baxmaq bacarığını yoxlamalıdır.  Dayənin uşağın ağlamağına, bəzi şıltaqlıqlarına necə reaksiya verdiyini ana bir müddət müşahidə etməılidir. Bundan sonra nəticəyə əsaslanaraq ana uşağı həmin dayəyə etibar edərək işə gedə bilər".

Psixoloq deyir ki, dayədən kobud rəftar görən uşaq böyüdükcə ətrafa qarşı da aqressiv olur.