ANS rəhbərliyi Elnarə Təhməzovanın verilişlərini bağladı

10 İyun 2015 18:00 (UTC+04:00)

Tanınmış aparıcı Elnarə Təhməzovanın verilişlərindən birində səsləndirdiyi və cəmiyyətdə birmənalı qarşılanmayan fikirlər ətrafında qalmaqal davam etməkdədir. Daxil olan müraciətlər əsasında ANS-in Yaradıcılıq Şurası bu məsələni tam obyektiv şəraitdə araşdırmağa başlayıb, aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və "İncə+" verilişlərinin yayımının dayandırılması barədə qərar verib.

ANS MYMŞ-nın Baş Direktoru Mirşahin Ağayev deyir: "Hesab edirik ki, efirdə elə fikirlər səslənib ki, bu doğrudan da həssas tamaşaçının hissiyyatına toxuna, ən azı onları narahat edə bilərdi. Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk. Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi Biz tamaşaçılardan üzr istəyirik".

Elnarə Təhməzovanın da mövqeyini öyrəndik və məlum oldu ki, o da başqa fikirdə deyil: "Mən başa düşdüm ki, səhvim var və ifadələrimdə ehtiyatsız olmuşam, bir şey demək istəmişəm, başqa cür alınıb. Hər halda çox sevdiyim, həmişə hörmətlə yanaşdığım tamaşaçımı incitmişəm, məni bağışlasınlar, onlardan və pis vəziyyətə saldığım telekanaldan üzr istəyirəm".

Bununla da aparıcı və tamaşaçı arasında yaranmış gərginliyin aradan qalxdığını güman etmək olar. Hər bir kəs öz məsuliyyətini və buraxdığı səhvi anlamalı və nəticə çıxarmalıdır. Unutmayaq ki, qanunlar və dəyərlər qarşısında hamı bərabərdir.