Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

10 İyun 2015 19:00 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fenomeni kimi" mövzusunda elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından ətraflı danışıb. Prezident İlham Əliyevin xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında bu il yanvarın 14-də imzaladığı sərəncamın Bəxtiyar Vahabzadəyə dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin ifadəsi olduğunu bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki, xalqımız söz ustadının xatirəsini əziz tutur və əməyini yüksək qiymətləndirir. Akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli şair və ədəbiyyatşünas Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən olub. Bidirib ki, xalq şairinin geniş əhatəli yaradıcılıq yolu, elmi və pedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə qiymətli və yaddaqalan səhifələr yazılmışdır. Şanlı tariximizə, doğma torpağımıza, dilimizə, mədəniyyətimizə, folklorumuza və yazılı ədəbiyyatımıza dərin köklərlə bağlı olan Bəxtiyar Vahabzadənin həm də insanları milli ruhda nəfəs almağa səsləyən şair, alim, pedaqoq və vətəndaş olduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri olan xalq şairi bir ictimai xadim, vətəndaş kimi ana dilimizin də fəal təbliğatçısı və qoruyucusu olmuşdur. Sonra Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı "Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının fenomeni kimi", Nəsimi adına Dilçilik İnstitutundan filologiya üzrə elmlər doktoru, professor Sevil Mehdiyeva "İstiqlal şairi Bəxtiyar Vahabzadə", filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli "Bəxtiyar Vahabzadə poeziyasında vəzn və janr müəyyənliyi", Memarlıq və İncəsənət İnstitutundan sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva "Bəxtiyar Vahabzadə pyeslərinin səhnə təcəssümü" mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə xalq şairinin XX əsr Azərbaycan ədəbiyyatına töhfələrindən danışılıb, şairin yaratdığı obrazlardan, şeirlərindən, Azərbaycan dramaturgiyasına gətirdiyi yeniliklərdən bəhs edilib. Bildirilib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının ən görkəmli simalarındandır. Sənətkar öz əsərlərində insanı daim mənəvi ucalığa səsləyib, poetik-fəlsəfi məzmunlu yaradıcılığı ilə poeziyamıza layiqli töhfələr verib. Onun yaradıcılığında azadlıq, istiqlaliyyət,vətənpərvərlik ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm kəsb edib. İstedadlı və vətənpərvər şair saf əqidəsi, fəal mövqeyi, mübariz və məğrur ruhu ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazanıb.

Tədbirdə filologiya üzrə elmlər doktorları, professor Məmməd Əliyev, professor Məhərrəm Qasımlı, almaniyalı tədqiqatçı Orxan Aras, həmçinin filologiya üzrə fəlsəfə doktorları Safura Quliyeva, Aslan Salmanov, Esmira Fuad, İlham Məmmədli və başqalarının da çıxışları dinlənilib. Çıxış edənlər Bəxtiyar Vahabzadənin 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifi olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı vətənlə, xalqımızın həyat tərzi, mədəniyyəti, tarixi ilə sıx bağlı olmuşdur. Vətənə, Azərbaycan dilinə, onun saflığının qorunmasına, mədəniyyətinə, dövlətçiliyinə sevgi onun yaradıcılığının ruhunu təşkil edir. Tədbir boyu xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotoslaydlar nümayiş olunub. Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi də maraqla qarşılanıb.

Konfransda elmi ictimaiyyətlə yanaşı, kütləvi informasiya vasitələrinin və elektron media qurumlarının nümayəndələri iştirak ediblər.