Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında piket keçirilib (FOTO)

11 İyun 2015 13:00 (UTC+04:00)

Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, gənclər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin qarşısındakı aksiyada Avropa İttifaqının ölkmizə qarşı ikili siyasətinə etiraz ediblər. Aksiyada qeyd edilib ki, Avropa İttifaqı Azərbaycana qarşı ikili siyasət yürüdür, ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir: "Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Avropa İttifaqı, Avropa Parlamenti bundan danışmır, əvəzində 2-3 məhbusun müdafiəsi ilə məşğuldur".

Gənclər aksiyada qeyd ediblər ki, Avropa İttifaqı, onun qurumları Avropa Oyunlarını siyasiləşdirirlər, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Aksiyada "Rədd olsun Martin Şults, yaşasın Azərbaycan!", "Avropa Parlamenti dağıtmağa yox, qurmağa xidmət et!", "Avropanın dostuyuq, bizi düşmən saymayın!", "Azərbaycanı sərbəst buraxın!", "Bəlkə təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edəsiniz?" "Rədd olsun neoimperialistlər" və digər şüarlar səsləndirilib.

Aksiyanın sonunda qətnamə qəbul edilib.

Qətnamədə qeyd edilir: "Biz, Azərbaycandakı gənclər təşkilatlarının təmsilçiləri, anti-Azərbaycan şəbəkəsinin əlaltısı rolunda çıxış edərək çirkin əməlləri ilə öz reputasiyalarını korlamış Martín Şults və lezbian Ulrike Lunaçek kimilərin demokratiya və azadlıq ideyalarına zidd hərəkətlərinə etiraz edir, Azərbaycana qarşı qərəzli və məkrli fəaliyyətlərə son qoymağı tələb edirik. Eyni zamanda, Krımın ilhaqına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmiş Avropa İttifaqının və Birliyə üzv ölkələrin rəhbərliyindən işğalçı Ermənistana qarşı da adekvat addımların atılmasını gözləyirik. Ümid edirik ki, Avropa Parlamentindəki sağlam düşüncəli deputatlar, Avropa Komissiyası və Avropa İttifaqı Şurası bizin etirazımızı anlayışla qarşılayıb, tələblərimizi nəzərə alacaqdır".