Azərbaycan Mətbuat Şurası I Avropa Oyunlarının başlanması ilə əlaqədar ölkə jurnalistlərinə müraciət edib. Şuradan Movqe.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Sabah Vətənimiz Azərbaycan öz şanlı tarixinin yeni ilkinə imza
atacaq. Bakıda I Avropa Oyunları start götürəcək. Sizləri bu
münasibətlə təbrik edir, hər birinizə oyunların işıqlandırılmasında
uğurlar arzulayırıq.
I Avropa Oyunları xalqımız və dövlətimiz üçün son dərəcə mühüm
hadisə, qürurverici olaydır. Belə anları bölüşmək təkcə
sevincimizin ifadəsi deyil, eyni zamanda mühüm vətəndaşlıq
missiyamızdır. Bu missiyanın zəruriliyini şərtləndirən amillər
sırasında bizim işimizə peşəkar kimi yanaşmaq məsuliyyətimizlə
yanaşı, həm də vətənvərvərliyimiz dayanır. Çünki I Avropa Oyunları
ilə bağlı Azərbaycana qarşı başladılan xoşagəlməz kampaniya ümumən
ölkəmizə qarşı total informasiya müharibəsi xarakteri daşımaqdadır.
Mərkəzi ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz
Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) dünyada yerləşən jurnalist
qurumlarına və insan hüquqları təşkilatlarına ünvanladığı müraciət
də fikrimizi qətiləşdirməyə əsas verir. Müraciət I Avropa
Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı twitter kampaniyasına
qoşulmağa çağırış mahiyyəti daşımaqdadır. Kampaniyanın iyunun 12-də
saat 15.00-da oyunların rəsmi twitter səhifəsində, #Baku2015
Hashtag-da aparılması nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan
jurnalistləri həmin Hashtag-da ölkəmizlə bağlı əsl həqiqətlərin
yayılmasında fəallıq göstərəcək, Beynəlxalq Söz Azadlığı Mübadiləsi
Şəbəkəsinin (İFEX) "məqsədinin" reallaşmasına yol
verməyəcəklər.
Müraciətdə daha sonra qeyd edilib ki, I Avropa Oyunları ilə bağlı
bu sayaq xoşagəlməz kampaniyalar indiyədək də aparılıb. Belə
halların davamlı xarakter daşıyacağı da istisna deyil: "Beynəlxalq
Söz Azadlığı Mübadiləsi Şəbəkəsi kimi qurumların əsl niyyətindən
xəbərsiz olan dünya QHT-lərinin reallığı bilmədən ölkəmiz haqqında
neqativ ictimai rəyin formalaşmasında rol oynamaları mümkündür.
Buna görə də Sizləri mötəbər idman hadisəsi müddətində xüsusilə
diqqətli olmağa, həssaslıq nümayiş etdirməyə, Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması prosesində daha yaxından
iştiraka çağırırıq. Əminik ki, Azərbaycan ictimai rəyinin avanqardı
olan mediamız sınaqdan layiqli şəkildə çıxacaq.
Hər birinizə uğurlar arzulayırıq".