“Avropa Oyunları dostluğun təntənəsi olmalıdır”

11 İyun 2015 18:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Avropa Oyunlarını siyasiləşdirmək istəyənlər bu niyyətlərinə nail ola bilməyəcəklər. 

"Biz dəfələrlə bildirmişik ki, hansısa Avropa ölkəsinin olimpiya komitəsinin boykotla çıxış etməsi bizimlə görüşlərdə öz əksini tapmayıb. Bəzi idmançıların da adına sözlər yapışdırırlar ki, guya kimsə filan söz deyib. Avropa Olimpiya Komitənin prezidenti də vurğuladı ki, bizim fikirlərimiz idmançılardır, onların gələcəyidir. Bizim də məqsədimiz gəncləri idmana cəlb etmək və gələcək nəslin sağlam yetişməsinə nail olmaqdır".


A.Rəhimov daha sonra Avropa Oyunlarında iştirak edəcək ermənilərdən də danışıb.


"Bundan öncə də güləş üzrə dünya çempionatında Ermənistanın nümayəndələri iştirak etmişdi. Bu gün isə yarışlarda 25 idmançı iştirak edəcək. Beynəlxalq müsabiqələr elə status daşıyır ki, burada istənilən dövlətin nümayəndələri burada gəlib iştirak etmək hüququna malikdir. Biz onlara təhlükəsizlik üçün təminat məktubu yazmışdıq".