Əli Həsənov: "Anti-Azərbaycan kampaniyası həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib"

12 İyun 2015 00:00 (UTC+04:00)

"Azərbaycan əleyhinə müxtəlif xarici KİV-də işıq üzü görən yazılara Bakıdan və Prezident Administrasiyasından baxanda bu, özbaşına aksiyaya oxşamır. Bizə görünən odur ki, bu prosesin arxasında duran qüvvələr var, bilərəkdən istiqamətləndirilir. Bunun nəyə görə belə olduğunu müəyyənləşdirməyə çalışırıq".

 

Movqe.az-ın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır: "İkincisi, bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. "Eurovision" yarışmasında da bunu müşahidə etdik və sabah da böyük tədbirlərdə yenə Azərbaycanın üzərinə gələcəklər. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyir. Obyektiv informasiyalar almaq istədiyimiz xarici KİV, məsələn, "The Guardian", BBC kimi nəşrlər də təəssüf ki, "London Platforması"nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Diqqətdən qaçırmaq olmaz ki, bu kampaniya tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət özü buna qiymət verəcək".

Azərbaycanın dostları dünyada çalışırlar ki, bu anti-Azərbaycan kampaniyası effektsiz olsun".