Tural Bayraməliyev: “Mahnılarımı satmıram

11 İyun 2015 14:12 (UTC+04:00)
 Peşəkar və gənc estrada ulduzlarının repertuarını bəstəkar və şair Tural Bayraməliyevin imzasında silsilə mahnılar bəzəyir. Bir-birindən movzu etibari ilə fərqlənən mahnılar dinləyici sayına görə, liderliyini qoruyan hitlər sırasındadır. Movqe.az yeni layihələri, yaradıcılığı barədə danışan T.Bayraməliyevi dinləyicisinə bir qədər yaxın etdi.
- Yaradıcılığımda şeir və bəstələrim eyni mahiyyəti daşıyır. Hər ikisinə eyni baxışdan yanaşıram. Son aylar bir-birinin ardınca meydana çıxan musiqi əsərləri və onlara yazılan sözlər, həmin zamanın payına düşür. Yəni, nə vaxtsa yazıb, sandıqdan indi çıxartmıram. Yaradıcılıq xüsusiyyətim belədir ki, bir şeir və bəstəylə qane olmuram. Hesabat mənim yaradıcılıq pridmetimi ola bilməz. Kiminsə yaradıcılığına baxıb, qonşudan geri qalmamaq prinsipi yaradıcılığıma tamamilə ziddir. Özü gəlib qapımı döyür. Bəzi yaradıcı insanlarla ünsiyyətdə belə bir şeyin şahidi olmuşam ki, royalın arxasında oturub, nəsə axtarırlar... Bu cəhətdən mənim yaradıcılığım fərqlidir. Əlimə qələm alıb, saatlarla düşünməmişəm ki, ağlıma gələn münasib fikri cümlələrə düzüm. Bir ayda üç mahnı yaza bilərəm, amma elə zaman olub ki, aylarla nə şeir yaranıb, nə musiqi. Özü gəlib qapımı döyüb, məni tapanda, zamanıdır, deyə düşünmüşəm. Eşitdiyiniz mahnıların hamısı belə yaranıb.
- Barmaqla sayıla bilən müəlliflərdənsiniz ki, mahnılarınızı maddiyyatla ölçmürsünüz.
- Bəli, bunu xüsusi vurğulamaq istəyirəm ki, mahnılarımı satmıram. Hansı müğənni mahnımı səsləndiribsə, onu layihə şəklində, aranjiman etdirərək, ona təqdim etmişəm. Aranjiman işi Türkiyədə peşəkar musiqiçilər tərəfindən aparılıb. Müğənnilərin kimliyini də özüm seçirəm. Demək olar ki, bütün hazırlanma proseslərində özüm yaxından iştirak edirəm. Yaradıcılıq məhsulumun qayğısına belə qalıram (gülür). Mənə bir çox sayda müğənnilər müraciət edir. Səsini bəyənmədiyim müğənni ilə çalışmıram. Bu məsələyə artıq daha ciddi yanaşıram.
- Mahnılarını özünə bu qədər doğma bilən müəllifin kaprizli müğənnilərlə çalışmağı çətin deyilki? Müdaxilələrə yol verirsiz?
- Mahnılarıma bir balaca müdaxilə olsa, onda o, mənimki olmaqdan çıxır. Hər şeyi nizamında ifaçıya təqdim etdiyim üçün müdaxiləyə ehtiyac qalmır. Həm də buna icazə vermirəm. Artıq mənimlə çalışan sənətçilər bu xüsusiyyətimə bələddirlər. Günay İbrahimli ilə mahnı hazırlanarkən, mənə "mən kapriz göstərməkdən, siz məndən betərsiz" dedi. Doğrudan, mən müğənnilərdən də betər tələbkar və kaprizliyəm. Bütün bunlar dinləyisicyə qüsursuz və zövqlü mahnı bəxş etməkdir. Vaxtilə mahnımı təqdim edib, kənara çəkildiyimdə baxırdım ki, yaradıcılıq məhsulum mənimki olmaqdan çıxır. Yadlaşır. Melodiyanı yazan mənım. Mahnının tərkibində hansı alətləri, gəzişmələri görmək istəyirəmsə, onu əldə etməyə çalışıram. Peşəkar müdaxiləsi olanda isə hörmətlə yanaşıram. Hər detalına həssas yanaşdığım üçün mahnılarım uğur qazanır.
- Türkiyədəki musiqiçilərlə çalışırsız. Burda sizi qane etməyən nədir?
- Bizim peşəkar musiqiçilərimizin olduğu danılmazdır. Mən dinləyicinin tələbatını nəzərə alıram. Burda əsas söhbət texnikanın inkişafından gedir. Bunun sayəsinə türkiyəli musiqiçilərin konsert layihələri davamlı uğurları, inkişafı ilə seçilir. Əsas fəqr ondan ibarətdir ki, bizim musiqiçilər hər gün toy səhnəsindədir. Bəzən, mahnılarımı dəyişib, toy mahnıları səviyyəsinə gətirib çıxarırlar. Bu da özününkü olmaqdan çıxır. Bir növ bayağılaşdırırlar. Mahnı müasirliyini, özəlliyini itirir. Musiqini inkişaf etdirməliyik, onu yalnız toy səhnəsində məhdudlaşdırmamalıyıq.
 - Gənc həmkarlarınızın yaradıcılığını izləyib, onlarla rəqabətə girirsiz?
 - Nə qələm adamları, nədəki musiqiçilərlə rəqabətə girmirəm. Səməd Vurğun, Fikrət Əmirov və s. şəxsiyyətlərin dövründə yüzlərlə şairi, bəstəkarı olub. Amma o zamandan indiyə qalan məhz istedadlı və işinə peşəkar səviyyədə yanaşmağı bacaranlar olub. Bu gün kimin daha yaxşı yazdığını, musiqi sənətinə öz tövhəsini verənləri ictimaiyyət və zaman formalaşdıracaq. Mən hər bir mənada hər şeyin yaxşısını düşünürəm.
 - Son bir neçə ay yaradıcılığınzda fasilə oldu. Bunun arxasında sadəcə bir boşluq durur, yoxsa böyük layihələr?
 - Mənim fəaliyyətim sırf mahnı yaradıcılığı üzərində dayanmayıb. Başqa işlərim də var. Həm bu nöqteyi nəzərdən, həm də bir müddət Bakıda olmadığımdan mahnı fəliyyətimə ara vermişdim. Layihələr müəyyən fasilələrlə hər zaman nəzərdə tutulub. Yaxın günlərdə də olacaq. Hələlik xalq artisti Brilliant Dadaşova ilə hazırlanan mahnıdan danışa bilərəm. Mahnı Türkiyədə aranjiman olunub. Bu günlərdə lentə yazılacaq. Brilliant xanım etiraz etməsə, düşünmüşük ki, mahnı hazır olandan sonra onun klipi Londonda çəkilsin. Qərara gəlmişəm ki, bundan sonra ekranlaşdırılacaq mahnılarımın rejissor işini Aqil M.Quliyevə həvalə edim. Onunla daha bir ekran işimiz nəzərdə tutulub ki, həmin layihənin ifaçısının adını hələlik sirr saxlayıram.
- Çalışdığınız müğənnilərlə sizi yalnız yaradıcılıq teli bağlayır?
Yəni dostluq etdiyinz, dərdləşdiyiniz sənətçilər var?
- Mən yalnız kişi sənətçilərin bir qismi ilə dostluq edirəm.
- Sabahdan ölkəmizdə birinci Avropa Oyunları başlayır. Bildiyimizə görə, idmanla bağlılığınız olub.
- Zamanında peşəkar kikboksla məşğul olmuşam. Yığma komandada çalışmışam. 2005-ci ildə Yaltada keçirilən dünya çempionatında bürünc medala layiq görülmüşəm. Dəfələrlə beynəlxalq turnirlərdə qızıl medal mükafatçısı olmuşam. İndi həvəskar kimi məşğul oluram. Çox sevinirəm ki, ilk Avropa Oyunları məhz Odlar Diyarında keçirilir. Ölkəmizin adı ilə bağlı olan hər bir nailiyyət bir vətəndaş kimi məni ürəkdən sevindirir. Və bu cür mötəbər tədbirlərdə vətəndaş dəstəyi göstərməyə hazıram. Eyni zamanda ailəmlə yarışları stadiondan canlı izləyəcik.