Ermənilərdən sülh təşəbbüsünə qarşı növbəti hücum
13 Aprel 2012 20:45 (UTC+04:00)
Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlamaqda
davam edən, bununla təkcə ölkəmiz yox, bütün Cənubi Qafqaz regionu
üçün ciddi təhlükə yaradan Ermənistan hələ də aqressiv mövqeyindən
əl çəkmək istəmir. Əksinə, bu ölkədə həyata keçirilən siyasət
regionda düşmənçilik toxumlarının çoxalmasına, daha gərgin bir
vəziyyətin formalaşmasına xidmət edir.
Bunu Gümrü şəhərində aprelin 12-ə açılışı təyin olunan "Azərbaycan
filmləri festivalı"nın baş tutmaması da təsdiq edir. Sözügedən
təşəbbüsün müəllifi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin
(QSTM) rəhbəri Qeorgi Vanyan bu məsələyə görə ölkəsində neçə gündür
ki, ciddi təzyiq və hədələrə məruz qalır.
Qeyd edək ki, festivalın keçirilməsi planının pozulmasına səbəb
Ermənistanda və o cümlədən Gümrü ilə İrəvanda tədbirin əleyhinə
təşkil edilmiş etiraz aksiyaları olub. Gümrüdə "Asparez"
jurnalistlər klubunda "Azərbaycan filmləri festivalı" keçiriləcəyi
elan olunduqdan sonra tədbirin təşəbbüsçüsü QSTM rəhbəri Qeorgi
Vanyanın ünvanına həqarətli məktublar daxil olmağa başlayıb.
Vanyanı və tədbirdə iştirak etmək niyyətində olanları vətənə
xəyanətdə ittiham edirlər, hətta divan tutmaqla hədələyiblər.
Xatırladaq ki, QSTM Azərbaycanda çəkilmiş 4 qısametrajlı filmə (1
sənədli və 4 bədii) baxmağa dəvət etmişdi. Yeganə "Tamaşaçı
simpatiyası" nominasiyanın qalibi tamaşaçıların səsverməsi
nəticəsində müəyyən edilməli idi. Tədbirin keçirilməsinə ABŞ-ın və
Böyük Britaniyanın Ermənistandakı səfirlikləri maliyyə
ayırmışdılar.
Qeyd edək ki, "Azərbaycan filmləri festivalı"nın Ermənistanda
keçirilməsi mövzusu İnternet sosial şəbəkələrində son həftənin ən
müzakirə olunan mövzusu olub. Bu arada Rusiyanın "Regnum"
informasiya agentliyinın məlumatına görə, Gümrüdə etiraz aksiyaları
şəhərin meriyası tərəfindən təşkil edilib. Dövlət və ictimai
xadimlər tərəfindən təhdidlər səsləndirilib.
Öz çıxışlarında onlar festivalın təşkilatçılarına, iştirakçılarına
və tədbirin keçirilməsi üçün otaq təqdim edən "Asparez"
jurnalistlər klubuna qarşı zorakılığa çağırıblar. QSTM-nin
bəyanatında bununla bağlı bildirilir: "QSTM Azərbaycan filmləri
festivalının keçirilməsi ətrafında süni gərginlik yaratmaqda,
mümkün provokasiyalar və zorakılıqda" şəxsən Gümrü şəhərinin meri
Vardan Qukasyan məsuliyyət daşıdığını və onun rəhbərliyi ilə
"terror təbliğat kampaniyası" yeridildiyini bəyan edir". Hazırda
Ermənistanda Vanyanı vətənə xəyanətdə ittiham edirlər, hətta divan
tutmaqla hədələyirlər.
Təxminən il yarım bundan əvvəl də Qeorgi Vanyanın belə bir
təşəbbüsü baş tutmamışdı. Tədbirin keçirilməsi üçün icarəyə
veriləcək yerlərin sahibləri razılaşmanı pozub, vədlərindən
dönmüşdülər.
Azərbaycanda çəkilən filmlərə baxmaq istəyənlərə filmlərin diskə
yazılmış surətləri verilmişdi.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Gümrüdə Azərbaycan
filmlərinin nümayiş etdirilməsi layihənin əleyhinədir. Bunu
nazirliyin Kinematoqrafiya Şöbəsinin nümayəndəsi Yusif Şeyxov da
təsdiq edib. Onun sözlərinə görə, ermənilərin bu filmləri necə əldə
edəcəklərini anlamır: "Onlar bizim "Dövlətfilm" fondunda saxlanır
və dövlətin icazəsi olmadan oradan heç bir film götürülə bilməz.
Ermənistanın işğalçı siyasəti ucbatından Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin dövlət xəttilə bu ölkə ilə heç bir müştərək
aksiyada iştirak edilmir və iştirak etmək niyyəti də yoxdur". Bu
arada, azərbaycanlı politoloq Zərdüşt Əlizadə Azərbaycanda
Ermənistan filmləri festivalı keçirilməsini təşkil etməyə hazır
olduğunu bildirib.
Zərdüşt Əlizadə "Zerkalo" qəzetinə Qeorgi Vanyanla Facebook
vasitəsilə əlaqədə olduğunu və "yaxşı erməni filmləri seçsə,
Azərbaycanda Ermənistan filmləri festivalını" keçirməyə hazır
olduğunu bildirib: "Qeorqi Vanyan erməni və azərbaycan xalqlarının
barışdırılması üçün çox şey edib. O, cəsarətli insandır, azərbaycan
və nəhayət, erməni millətlərinin barışması üçün fəaliyyətini davam
etdirəcək". Lakin ermənilərin Azərbaycan filmlərinə qarşı son
hərəkəti bu ölkənin sülh təşəbbüslərindən hələ çox uzaq olduğunu
göstərir.
Səməd CƏFƏROV