Humay Qədimova “Muğamın səsi” tele layihəsində

12 İyun 2015 13:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Lider Televiziyasında yeni layihəyə start veriləcək. Nəsillərdən nəsillərə keçən və milli irsimiz olan muğam bu dəfə "Muğamın səsi" adı ilə fərqli təqdimatla efirə çıxacaq. Verlişi aparmaq tarzən, pedaqoq Humay Qədimovaya həvalə edilib. Hə həftənin cümə günü efir buraxılışı nəzərdə tutulan tele layihə tamaşaçılarına saat 22:00-da təqdim ediləcək. Layihə barədə danışan Humay xanım bunları qeyd edib:

"Layihəni fərqləndirən cəhətləri ondan ibarətdir ki, burada qonaqlar gəlib repertuar təqdim etməklə yanaşı, tamaşaçı üçün maraq kəsb edən məqamlara toxunulacaq. Xüsusilə unudulmuş xalq, bəstəkar mahnıları,rənglər, təsniflər səsləndiriləcək, bu barədə peşəkarların tarixə mənbələrə söykənən fikirləri yer alacaq. Qəzəllərə də xüsusi yer ayrılacaq. Məhəmməd Füzuli, Nəsimi, Əliağa Vahid bə bir sıra ədiblərin qəzəllərindən söz açılacaq. Tamaşaçı 19-cu əsrin unudulan ifalarını məhz bu verlişdən eşidəcək. Layihə üzərində bir müddətdir peşəkarheyət çalışıb. Qonaqlarımızı da eynilə peşəkar musiqiçilər, xalq artistləri, incəsənət xadimləri təşkil edəcək. Burada muğam ifaçılarının fonoqrama ilə ifa etmək məcburiyyəti olmayacaq. Çünki muğamı gəzişmələri ilə məhdud dəqiqəyə salmaq mümkün deyil. Xanəndələrimizə 1 saat ərzində həm danışmaq, həm də canlı oxumaq imkanı verilib".

İlk efir buraxılışının Avropa Oyunlarının ilk gününə təsadüf etdiyini qürurla deyən tarzən xanım qonağının xalq artisti Könül Xasıyeva və sayılıb seçilən musiqiçilər olduğunu diqqətə çatdırdı.

Xatırladaq ki, peşəkar tar ifaçısı olan Humay Qədimova həm respublikada, həm də ölkədən kənarda silsilə konsert proqramları ilə çıxış edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecində 10 ilə yaxındır pedaqoq fəaliyyəti ilə məşğul olan Humay xanımın yetirmələri bir çox müsabiqələrin laureatı adını daşıyır.

Qeyd edək ki, "Muğamın səsi" verlişinin reissoru Miranə xanımdır.