Avropa Oyunlarında yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşib

13 İyun 2015 18:10 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Heydər Əliyev İdman Arenasında keçirilən ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvan qüvvəsini sınayıb.

 

 

59 kq çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə qarşılaşıb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə rəqibindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz 7:6 hesabı ilə qələbə qazanıb.

 

O, yarımfinalda Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla üz-üzə gəlib və 3:11 hesabı ilə uduzub. Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirəcək. 3-cü yer uğrunda döyüşdə onun rəqibi ermənistanlı Roman Amoyandı. Qarşılaşma saat 19:00-da başlayacaq.

 

 

71 kq çəkidə Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı Rəsul Çunayev ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Millimizin liderlərindən olan Çunayev rəqibinə asanlıqla qalib gələrək, mərhələ adlayıb.

Rəsul 1/4 finalda Dominik Etlinqerlə (Xorvatiya) gücünü yoxlayıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Yarımfinalda Rəsul çətinliklə üzləşməyib. "Neftçi İdman Klubu"nun üzvü Svilen Kostadinovla (Bolqarıstan) görüşü 10:0 hesabı ilə öndə bitirib.

 

Çunayev finalda macarıstanlı Balint Korpasi ilə üz-üzə gələcək. Həlledici görüş 19:35-də olacaq.

 

80 kq çəkidə ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) qarşılaşıb. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovla qarşılaşıb.

O, bu görüşün də taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq yarımfinala vəsiqə qazanıb.

Bu mərhələdə türkiyəli Selçuq Cebi ilə qarşılaşan Avropa çempionun yarışa tam hazır olduğunu bir daha sübuta yetirib və yenə də döyüşü vaxtından əvvəl aktivinə yazıb - 9:0.

Güləşçimiz finalda rusiyalı Yevgeni Salayevlə qarşılaşacaq. Görüş saat 19:56-da start götürəcək.

 

98 kq çəkidə mübarizəyə öncə Orxan Nuriyev qoşulub. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi 20 yaşlı idmançı təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.

Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibi üstələyib - 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb. Təəssüf ki, o, təcrübəli rəqiblə qarşılaşmadan məğlub ayrılıb - 1:3.

Lakin Nuriyevə qalib gələn Maqomedov finala yüksəldiyindən, pəhləvanımız təsəlliverici görüşə qatılıb. Bu mərhələdə Ardo Arusaarla qarşılaşan həmyerlimiz 2:0 hesabı ilə qələbə qazanaraq, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

Orxan 3-cü olmaq üçün türkiyəli Cenk İldemlə gücünü yoxlayacaq. Görüş saat 20:10-da başlayacaq.