"Cizgi filmlərinin yaş uyğunluğu olmalıdır"

13 Sentyabr 2012 08:11 (UTC+04:00)

Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli hesab edir ki, Azərbaycan televizya kanallarında nümayiş etdirilən hər bir cizgi filminin yaş uyğunluğu olmalıdır. "Cizgi filmlərinin mövzusu artıq onun süni olduğunu göstərir, yəni bədii filmlərdən fərqli olaraq cizgi filmləri süniliyi əks etdirir. Bu baxımdan hesab edirəm ki, hər yaş dövrünə uyğun cizgi filmləri göstərilsə, daha doğru olar", - Məhərrəmli deyib. Məhərrəmli onu da qeyd edib ki, Azərbaycanda cizgi filmi sahəsi o qədər də inkişaf etməyib, bu sahəni inkişaf etdirmək lazımdır. "Azərbaycanın milli cizgi filmlərinin çəkilməsi ən ciddi məsələlərdən biridir. Hazırda yerli telekanallarda nümayiş etdirilən cizgi filmlərinin əksəriyyəti əcnəbi cizgi filmləridir. Bu sahədə problemlər çoxdur və biz çalışırıq ki, bu sahədə yerli istehsalı gücləndirək", - MTRŞ sədri deyib. Məhərrəmli bildirib ki, rəhbərlik etdiyi quruma hələ ki cizgi filmləri ilə bağlı hər hansı şikayət daxil olmayıb.