Kanaoe üzrə yarışlarda idmançılarımız 8-ci yerlə kifayətlənib - YENİLƏNİB

15 İyun 2015 14:00 (UTC+04:00)

Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə qaliblər müəyyənləşib. Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bilinib. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyən ediblər. Finalda Azərbaycan təmsilçiləri də çıxış ediblər. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparıblar. Kanoeçilərimiz məsafəni 3 dəqiqə 38,088 saniyəyə qət ediblər. Bezuqlıy/Kupin final mərhələsində qatılan 9 cütlük arasında 8-ci olublar. İdmançılarımız Avropa Oyunlarının çempionu olan belaruslu Andrey Baqdanoviç/Aleksandr Baqdanoviç cütlüyündən 3,676 saniyə geri qalıblar. Qaliblər 3.34,412 nəticəyə nail olublar. Ukraynalılar Aleksey Korovaşkov və İlya Pervuxin (3.34,453) 2-ci, almaniyalılar Peter Kreçmer və Mixael Müller (3.34,982) 3-cü olublar.