Avtomobillərin sayı daha sürətlə artmağa başlayır

13 Sentyabr 2012 11:54 (UTC+04:00)

Məlumat verildiyi kimi bu ilin ilk 8 ayı ərzində Azərbaycana təqribən 50 minə yaxın müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu isə həmin müddət ərzində Azərbaycana 645 milyon dollar dəyərində avtomobilin idxal olunması deməkdir. Həm də göstərilən rəqəm ötən illərin müvafiq dövrləri ilə müqayisədə yüksək göstəricidir. Ekspertlər isə bu il avtomobil idxalındakı artım tempini fərqli prizmadan izah edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, avtomobil idxalının artması ölkəyə gətirilən avtomobillərə real təlbatın artması ilə bağlıdır: "Bu, həm də eyni zamanda ötən il Azərbaycanda idxalın az olması il bağlıdır. Nəzərə alsaq ki, söhbət müqayisəli artımdan gedir. Əvvəlki illərdə azalma olanda növbəti ildə nisbi artıma nail olmaq daha asandır. Ona görə 2011-ci ildə avtomobilə olan tələbatın az olmasından idxalın da azalması 2012-ci ildə artıma səbəb olub. Təbii ki, bu, yalnız nisbi artım deyil. Eyni zamanda mütləq mənada da artım müşahidə edilir. Əvvəla avtomobillərə, xüsusən Qərb və Yaponiya istehsalı olanlara tələbatın artımı müşahidə edilir. Bu da ölkəyə daha çox Avropa, Yaponiya, ABŞ və BƏƏ-dən avtomobil idxalının artmasına gətirib çıxarıb. Eyni zamanda bunun müqabilində keçmiş SSRİ və Rusiyadan idxal olunan avtomobillərin sayında müəyyən durğunluqlar müşahidə edilir. Bu da may ayının 1- dən etibarən Azərbaycana təhlükəsizlik yastıqları, eləcə də ABS əylənc sistemləri olmayan avtomobillərin idxalına qoyulan qadağa ilə bağlıdır. Bütövlükdə avtomobil idxalının strukturuna diqqət yetirsək, görərik ki, 2011-ci ilin sonundan etibarən Azərbaycana Gürcüstandan gətirilən avtomobillərin sayında artımlar var. Çünki, Gürcüstanın ÜTT-ə üzvlüyü nəticəsində ora avtomobillər daha ucuz vergi ilə daxil ola bilir. Bu isə Azərbaycanda əhalinin bir qisminin Gürcüstandan avtomobil almasına səbəb olub. O baxımdan Gürcüstandan Azərbaycana avtomobil idxalında artımlar var. Bunlar da Gürcüstana əsasən Avropadan gətirilən avtomobillərdir. Amma bütün hallarda Gürcüstanda avtomobillərin qiymətinin aşağı olması oradan Azərbaycana idxal olunan avtomobillərin sayının artmasına səbəb olub".

Ekspertin sözlərinə görə, avtomobil idxalınının artmasına digər texniki səbəb gömrük sistemində idxalla bağlı müəyyən proseslərin şəffaflaşmasıdır: "İdxal zamanı gömrük rəsmiləşməsi ilə bağlı rüsumların hesablanması qaydalarının şəffaflaşması və idxal edən şəxslərin onlayn olaraq ödəyəcəyi rüsumların məbləğinin müəyyənləşdirmək imkanın olması idxalçıların sayının artmasına səbəb olub".

Vüqar Bayramov bildirdi ki, 2012- ci ildə idxalla bağı yeni qərar qəbul edilməyib: "Sadəcə ARDNŞ bu ilin avqust ayından avro-3 standartlarına uyğun benzinin istehsalına başlayıb. Bu isə idxalda yeni qadağaların olması anlamına gəlmir. Sadəcə ARDNŞ –in məqsədi gələcəkdə avro-5 standartlarına uyğun benzinin istehsal edilməsidir. Amma nəzərə almaq lazımdır ki, Avropada istehsal olunan, hətta istismarda olmuş avtomobillər avro-5 standartlarına cavab verir. Ona görə də benzində daha yaxşı avro standartlarının tətbiq edilməsi Azərbaycana avtomobil idxalında hansısa qadağaların olmasına gətirib çıxarmayacaq".

Digər iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirir ki, ümumiyyətlə, bazar iqtisadiyyatında tələb və təklif prinsipi var: "Bu ilki idxalda maşınların sayının çox olmasını bu qanunla izah etmək olar. Amma iş burasındadır ki, tələb-təklifi ödəmək üçün gərək istehlakçının da buna maddi imkanı çatsın. İndi tələb var ki, təklif də onu üstələyə bilir. O zaman burada bir məsələ də ortaya çıxır ki, hazırda əhalinin həyat səviyyəsi yaxşıdır. Maşın idxalındakı artımı bu amillə də əlaqələndirmək olar. Bundan başqa indi maşın almaq prosesinin özü çox asanlaşıb. Xüsusi ilə də bu gün əksər maşınlar kreditlə alınır. Bizdə də kredit şərtləri çox sadələşdirilib. Hazırda demək olar ki, hətta bəzi banklar kredit verərəkən girov da götürmürlər. Götürsələr də həmin girov kreditin qarşısında çox cüzi məbləq daşıyır. Ona görə də bu il maşın idxalında yüksək rəqəmləri görürük. Amma 90 – cı illərdə Azərbaycana təxminən 30 min avtomobil gəlirdi. Onda da avtomobili yalnız imkanlı şəxslər ala bilirdi. İndi isə hərənin özünə görə kreditlə maşın almaq imkanları genişdir. Hətta artıq elə ailə olur ki, 5 - 6 maşını var".