Cənub qonşumuz Xəzərdə yenə Azərbaycana qarşı gediş edir

13 Sentyabr 2012 12:15 (UTC+04:00)

Natiq Miri: "Bu, İran tərəfindən Azərbaycana növbəti siyasi təzyiq mexanizmi olaraq düşünülüb"

Məlumdur ki, Xəzər dənizi 5 dövlətin - Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiyanın su sərhədlərinin kəsişdiyi məkandır. Ortaq sərvət sayılan Xəzər bəzən isə həmin dövlətlərin bir-birilərini ittiham etmək üçün vasitəyə də çevrilə bilir. Bu günə qədər həllini tapmayan status məsələsindən başqa Xəzər dənizinin daha çox hansı dövlət tərəfindən çirkləndirilməsi də bəzən aktual və  ittihamedci mövzuya çevrilir. Necə ki, İranın əsassız olaraq Azərbaycanı bu mövzuda ittiham etməsi kimi. Guya Azərbaycan Xəzərin təmizlənməsi istiqamətində işlər görmür, hasilat zamanı köhnə avadanlıqlardan istifadə edir. Rəsmi Tehranın fikirlərinə görə, bununla da Xəzəri ən çox çirkləndirən məhz Azərbaycandır. Hətta Rusiyanın "Mir" telekanalında İranın Azərbaycana qarşı məsələ ilə əlaqədar çoxmilyonlu cərimə iddiası qaldıracağına dair  məlumat yayılıb.

Amma ekspertlər İranın bu cür addımlarında müyyən məqsədlərin olması fikrindədirlər. Əsasən də qərəzli mövqedən yanaşıldığını bildirirlər. Xəzər məsələləri üzrə siyasi ekspert Rüstəm Məmmədovun sözlərinə görə, İranın bu addımı Azərbaycanın "əsəblər"ini tarıma çəkməkdən başqa bir məsələ deyil: "Çünki, İran heç vaxt Xəzəri Rusiya, Türkmənistan, Qaxaxıstan, yoxsa, Azərbaycanın çirkləndirməsini sübut edə bilməz.  Amma bu da faktdır ki, Xəzər dənizini ən çox çirkləndirən Rusiyadır. Çünki, Rusiyanın bütün zəhərli obyektləri Volqa çayı boyunca yerləşib. Onlar da zəhərli suyunu Volqa çayına boşaldır. Ona görə da Xəzərin Rusiya hissəsində demək olar ki, balıq qalmayıb. Hamısı İran təfəyə yönəliblər. Bundan başqa İranın özü də Xəzərin çirkləndirir. Sadəcə olaraq bunu sübut edə bilmək çətin məsələdir".

Politoloq onu da əlavə etdi ki, Azərbaycan tərəfi dəfələrlə Xəzər dənizinin ekologiyası ilə bağlı saziş məsələsini qaldırıb: "təklif olunub ki, dövlətlərin üzərinə öhdəlik qoyulsun və o öhdəliyə əsasən dövlətlərin özü ekologiyasına görə sərmaya sərf etsinlər. Amma Xəzəryanı dövlətlər, xüsusən də İran tərəfi bunu etməyə cəhd göstərməyib".

İran məsələləri üzrə ekspert Sədrəddin Soltan isə qeyd edir ki, Xəzərin Azərbaycan tərəfindən çirklənməsi ilə bağlı bu, İranın ilk bəyanatı deyil: "İran hakimiyyəti bu haqda dəfələrlə bəyanat verib. Bu məsələ daha çox Xəzərin statusunda müəyyən əngəllərin yaradılmasına xidmət edir. İran hakimiyyəti həm də Xəzərdə baş verə biləcək ekoloji problemləri Azərbaycanın üzərinə yıxmağa çalışır. Heç şübəhiz ki, əgər Azərbaycan tərəfi Xəzəri çirkləndirsəydi, bu, Türkmənistan və Qazaxıstan tərəfindən də təsdiqlənərdi. Odur ki, İranın bu sayaq bəyanatı daha çox Azərbaycan hakimiyyətinə qarşı qərəzindən xəbər verir. Ona görə də İranın qərəzli mövqeyini sübuta yetirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu haqda arayışlar təqdim etməlidir. İranın bu bəyanatının doğru olmadığın təsdiqləməlidir".

"İndiki məqamda bu məsələnin qaldırılması heç də xoş müşdələrdən xəbər vermir". Bu sözləri isə qəzetimizə açıqlamasında politoloq Natiq Miri bildirdi: "Çünki, Xəzərin ekologiyası təkcə Azərbaycanla bağlı məsələ deyil. Yəni, Xəzərin böyük bir ekvatoriyası həm də Rusiyaya və Türkmənistan kimi böyük dövlətlərə aiddir. Odur ki, Xəzərin çirklənməsində bu ölkələrin də rolu var. Amma İranın bu ərəfədə qonşu Rusiya və Türkmənistana ittihamlarını müşahidə etmirik. Ona görə də bu, İran tərəfindən Azərbaycana növbəti siyasi təzyiq mexanizmi olaraq düşünülüb. İranın bütün hallarda münasibətlər yaratmaq istəyinin fonunda bu cür davranışlar başa düşülən deyil. Bu cür davranışlar davam etdiyi təqdirdə Azərbaycandan adekvat mövqe görəcəklər".

Politoloq onu da söylədi ki, ola bilsin bu məsələnin qabardılması Azərbaycan Türkiyə arasında Strateji Şuranın növbəti toplantısı ilə bağlıdır: "Hiss olundu ki, bu ərəfədə nədənsə toplantının Qəbələdə keçirilməsi İran dövlətinə xüsusi bir qıcıq yaradıb. Türkiyə ilə viza rejiminin qaldırılması, sərhədlərin bağlanması ilə bağlıdır. Hətta qeyri-rəsmi "hədə" notasının verildiyi haqqında informasiyalar da var. Bu cür informasiyanın növbəti dəfə ortalığa buraxılması ola bilsin ki, Azərbaycan-Türkiyə münasibətlərinin isti məcarada davam etməsinə qısqanclıq nümayişidir".