ABU-nun tələbəsi olmuş 243 nəfərin attestatı qaytarılıb

16 İyun 2015 17:58 (UTC+04:00)

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin təhsili yarımçıq qalmış tələbələrindən 243-ü attestatını geri ala bilib. Təhsil Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının nazirlik tərəfindən qaytarılması prosesi davam edir.

Müvafiq siyahıda adı olan şəxslərdən bu günədək Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 404 nəfərdən 243-ü sənədlərini geri alıb.

Qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.