Avropa Oyunlarının möhtəşəmliyi anti-Azərbaycan qüvvələrinə yeni böyük zərbə oldu

17 İyun 2015 10:00 (UTC+04:00)

İyunun 12-də Bakıda I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirildi. Bu möhtəşəmlik uzun müddət yaddaşlardan silinməyəcək. Artıq bir neçə gündür ki, yarışlar davam edir. Bu müddət ərzində bir sıra idman növləri üzrə yarışlara start verilib, medallara sahib olanlar da var.

Təkcə açışlış törənini  deyil, müxtəlif  yarışları seyr etmək, idmançılara dəstək olmaq üçün isə yarışların keçirildiyi məkanlara on minlərlə insan gəlir. Onlar arasındaəcnəbilərin də sayı kifayət qədərdir. Bunun özü də həm yerli, həm də xarici vətəndaşların Bakıda  baş tutan Oyunlara böyük  önəm verməsinin nəticəsidir. Avropa Oyunlarının belə  möhtəşəm şəkildə keçməsi və bu Azərbaycana, bu oyunlara qarşı qarayaxma kampaniyası aparanların siyasətlərinin bir daha iflasa uğradığını deməyə əsas verir.

Millət vəkili Zahid Orucun fikrincə, Azərbaycan I Avropa Oyunlarının açılışını və yarışların özünü yüksək səviyyədə keçirməsi ölkəmizə qarşı çirkin kampaniya aparanların səylərini alt-üst etdi: "Xaricdəki bəzi dairələrin ölkəmizə qarşı apardıqları kampaniyanın əsas səbəbi məhz Azərbaycanda keçirilən ilk Avropa Oyunları ilə bağlıdır. Onlar belə bir möhtəşəm yarışın ilk olaraq Azərbaycanda keçirilməsini həzm edə bilmirlər. Azərbaycanın atdığı addımların yaratdığı siyasi güc, onun gələcək planlarında bu fəaliyyətin yeri, ölkənin quruculuq tədbirlərinin daha da gücləndirilməsi belə bir nəticəni meydana çıxarıb. Ona görə ölkəmiz əleyhinə sanki Qarabağ prosesində tutulan mövqeni, indi Avropa Oyunları üzərindən də təkrarlayırlar. Torpaqlarımızın işğalı zamanı da eyni siyasəti görmüşük. Düşünürəm ki, bütün bu siyasəti dəyərləndirmək üçün Füzuli rayonunda cəmi bir kəndin alınması zamanı Qərb dairələrinin özünü necə aparacağını ağlımıza gətirmək kifayət edər. Kimsə düşünməsin ki, bu hansısa daxili məsələlər cinayət törədən və  həbs olunan 5-6 hüquq müdafiəçisinin üzərində qurulub. Sabah onlar azadlığa çıxıb ənənəvi casusluq fəaliyyətlərini davam etdirsələr də, Qərb dairələrinin mövqeyi dəyişməyəcək. Azərbaycanın artan gücü həmin dairələri narahat etməkdədir. Onlar ölkəmizin xarici siyasətini cilovlayıb, Azərbaycanı öz istədikləri səviyyədə idarə edə bilmir. Əvəzində Rusiya, onun rəhbəri tədbirə gəlib ölkə başçımızla yanaşı dayanır. Bununla onlar Azərbaycana qarşı Rusiyanın keçən əsrin 90-cı illərində özünü göstərən mövqeyini təkrarlamır, Qərb ölkələrinin yaratdıqları boşluqlardan prezident Vladimir Putin çox ustalıqla istifadə edir. Qərb tərəfdən isə əvəzində, ölkəmizə yönəlik təzyiq, qara yaxma kampaniyasının şahidi oluruq. Nə vaxt Almaniya Bundestaqı Ermənistanı sonuncu dəfə müzakirə edib? Yaddaşımızı silkələsək də, bu fakt meydana çıxmayacaq. Çünki, olmayıb. Ona görə də hər birimizə bəlli olmalıdır ki, bu, əslində, Azərbaycan üzərində yürüdülən siyasətin tərkib hissəsidir".  

Millət vəkili Fəzail İbrahimli isə bildirdi ki, Azərbaycan idman yarışlarını yüksək səviyyədə təşkil etməklə, ölkəmizə qarşı çirkin kampaniya aparan dairələri ifşa etdi: "İnsanlara gözəl danışığı, yaraşıqlı geyiminə görə deyil, əməllərinə görə qiymət verilir. Ölkəmizdə baş tutan Avropa Oyunları da Azərbaycanın əməlidir. Burada olan idmançılar, gələn qonaqlar,  açılış törəni ilə möhtəşəm bir tarixin yazıldığı gün, bu məsələdə bütün Azərbaycan xalqının vahid birliyi, məsələyə sevgi ilə yanaşması ölkəmizə qarşı olan qüvvələri kifayət qədər sarsıtdı.

Onlaın Azərbaycan haqqında uydurduqları yalanlar ifşa olundu, böhtanları üzə çıxdı. Məlum oldu ki, Azərbaycan xalqı taleyüklü məsələlərdə, dövlət və millətimizlə bağlı olan bütün hallarda vahid və yekdildir. Amma müəyyən qrup insanlar var ki, zaman onları kiminsə ağuşuna atıb, maddi asılılığa salıb. Bunları da təbii qəbul etmək lazımdır, bütün dünyada olduğu  kimi belələri Azərbaycanda da var. Xarici qüvvələrin ölkəmizə qarşı bu münasibəti isə göstərdi ki, onlar bir daha ikili standartlardan yanaşmaqda davam edirlər. Onların Azərbaycana qarşı münasibətlərinin fəlsəfəsi bir daha bizə aydın olur. Avropa Oyunlarının istər açılışı, istərsə də gedişi bir daha sübut etdi ki, Azərbaycan möhtəşəmdir, çox güclüdür, böyük tədbirlər keçirmək imkanına malikdir, ölkəmiz qarşıya qoyduğu məqsədə çatmağı bacarır".